İQTİSADİYYAT
135 nömrəli marşrut xətti üzrə avtobuslarda kart sistemi tətbiq olunacaq
Bakı, 30 may, Elvin Camalov, AZƏRTAC
135 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız - vahid kart sistemi ilə ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarfləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, iyunun 1-dən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, “BakıKart” sistemi ilə ödəyəcək. Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilinə elanlar da vurulub.
Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar, artıq 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 ədəd avtobusa validatorlar quraşdırılıb. Həmçinin avtobusların salonuna nəzarət etməyə imkan verən videomüşahidə sistemləri yenilənib.
Bununla yanaşı, sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də kartın balansını artırmasını asanlaşdırmaq məqsədilə marşrut xətti boyunca 6 dayanacaq məntəqəsində MilliÖn terminalları quraşdırılır. Həmçinin dayanacağa Bakı Nəqliyyat Agentliyinin xüsusi məlumat lövhələri vurulur.
Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm və bir ekspress marşrut xətti üzrə 450-dən çox avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.