CƏMİYYƏT


Bələdiyyə seçkiləri ilə əlaqədar Penitensiar Xidmətin Baş idarəsində seminar-məşğələ təşkil olunub

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 23-də Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Penitensiar Xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Baş idarədə seminar-məşğələ təşkil olunub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının nümayəndələri iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov səsvermənin keçiriləcəyi nəzərdə tutulmuş Mühafizə alayında və penitensiar müəssisələrdə məntəqələrin yaradılması işlərinə başlanıldığını, əsgərlərin, məhkum və həbs edilmiş şəxslərin maarifləndirilməsi məqsədilə məlumat guşələrinin, seçkilərlə bağlı radio və televiziya verilişlərinin izlənilməsinə müvafiq şəraitin yaradıldığını qeyd edib.

Xidmət rəisi əvvəlki seçkilərdə əldə olunmuş təcrübə sayəsində qarşıdan gələn seçkilərin də yüksək səviyyədə, şəffaf və demokratik şəraitdə keçiriləcəyindən əminliyini ifadə edib. Penitensiar müəssisələrdə və tabe qurumlarda məhkum və həbs edilmiş şəxslərin, eləcə də müddətli hərbi xidmət keçən əsgər və çavuşların səsvermə prosesində iştirakının seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli kömək göstərilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə Penitensiar Xidmətin Baş idarəsində rəhbər vəzifəli məsul əməkdaşlardan ibarət Komissiyanın yaradıldığı vurğulanıb.

Seçkilərlə bağlı penitensiar müəssisələrdə kompleks profilaktiki tədbirlərin həyata keçirilməsi, nəzarətin daha da gücləndirilməsi, həbs edilmiş şəxslərlə və məhkumlarla bələdiyyə seçkilərinin mahiyyəti və əhəmiyyəti barədə geniş izahat işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində artıq uzun illərdir ki, seçki mədəniyyətinin formalaşdığını və Azərbaycan Prezidentinin, Milli Məclisin, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin təşkili qaydalarına uyğun icra mexanizminin yaradıldığını diqqətə çatdırıb. MSK katibi növbəti bələdiyyə seçkilərinin də Penitensiar Xidmətin tabe qurumlarında mütəşəkkil, demokratik və təhlükəsiz şəraitdə keçiriləcəyindən əminliyini vurğulayıb.

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli çıxışında seçki məntəqələrinin seçkilərə hazırlanması, seçki günü prosedurları, seçkilərdə aşkarlığın və şəffaflığın təmini istiqamətində görülmüş işlər, müşahidəçilərin və KİV nümayəndələrinin seçki prosesində iştirakla bağlı hüquq və vəzifələri barədə məlumat verib.

Bələdiyyə seçkilərinə hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.