İDMAN


Yeniyetmə gimnastımız batut gimnastikası üzrə dünya yaş qrupu yarışlarında birinci yeri tutub

Tokio, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də yeniyetmə idmançımız Aleksey Karataşov Tokioda keçirilən Batut gimnastikası üzrə 27-ci dünya yaş qrupu yarışlarında 11-12 yaşlı gimnastlar arasında tamblinq üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə tamblinqdə çıxış edən idmançımız əvvəlcə təsnifat mərhələsində rəqiblərini üstələyərək birinci nəticə göstərib. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastımız həmin mərhələdə də yüksək nəticə əldə edərək qızıl medal qazanıb.

Yarışın nəticəsi barədə xüsusi müxbirimizə müsahibə verən beynəlxalq dərəcəli hakim Adil Hüseynzadə bu nəticəni yüksək qiymətləndirib: “Bu gün bizim üçün, bütün komandamız üçün şad gündür. Bu gimnastika tarixində bu növ üzrə ikinci qızıl medalımızdır. Buna çox sevinirik. İnanıram ki, sabah çıxış edəcək idmançılarımız da yüksək nəticə göstərəcəklər, finala çıxaraq bayrağımızı dalğalandıracaqlar. Bütün Azərbaycan xalqını təbrik edirəm, bu, bizim medalımızdır. Böyük qələbəmizdir”.

Rəqiblərin güclü olmasına baxmayaraq, qələbə qazanmağı bacardığını deyən Aleksey Karataşov bildirib: “Bu qələbəni əldə etmək üçün mən uzun illər, təqribən dörd il məşq etmişəm. Nəticədə istəyimə nail oldum. Prinsip etibarı ilə rəqiblərim heç də zəif deyildilər. Lakin buna baxmayaraq, mən dünya yarışlarının qalibi oldum. Fəxr edirəm ki, belə məşqçilərimiz, belə federasiyamız var. Xüsusən bizə yaradılan şəraitə görə Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Hamını bu qələbə münasibətilə təbrik edirəm”.

Əlavə olaraq bildirək ki, yarışların ilk günündə yeniyetmə gimnastlarımız Maqsud Maqsudov və Hüseyn Abbasov ikinci yeri tutmuşdular.

Yarışların ertəsi günü daha üç gimnastımız mübarizəyə qoşulacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.