MƏDƏNİYYƏT
Teatrşünas-alim Məmmədşah Atayevin xatirəsi anılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında teatr sənətinin təbliğində müstəsna xidmətləri olmuş, teatrşünas-alim Məmmədşah Atayevin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti AzərPaşa Nemətov çıxış edərək alimin həyat və fəaliyyətindən söz açıb.
Bildirib ki, 1939-cu il dekabrın 20-də anadan olan Məmmədşah Atayev 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib.
Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri işləyib və özünün şəxsi təşəbbüsü ilə təşkil etdiyi arxiv-muzeyə rəhbərlik edib. “C. Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda dissertasiya müdafiə edən M.Atayev 100-dək məqalənin, “Cəlil Məmmədquluzadə əsərinin səhnə taleyi” monoqrafiyasının müəllifidir. O, iki cildlik “Akademik Milli Dram Teatrının foto-salnaməsi”ni toplayaraq tərtib edib.
Alimin xatirəsinin hər zaman teatrşünaslar tərəfindən ehtiramla yad olunduğunu deyən A.Nemətov ölkə mədəniyyətinin inkişafında xidmətləri olan insanların heç zaman unudulmayacağını söyləyib.
Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov və digər şəxslər çıxış edərək alimin xidmətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.