REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 24-də Mingəçevir Dövlət Universitetində (MDU) “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib.
Ali təhsil ocağından AZƏRTAC-a bildirilib ki, MDU-nun Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyi tədbirdə universitetin və peşə məktəbinin professor-müəllim və tələbə kollektivi iştirak edib.
İştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov tədbirin keçirilməsində əsas məqsədin tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarət olduğunu bildirib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan Ş.Bayramov hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin artdığını və ordumuzun gücləndiyini vurğulayıb. 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin valideynlərinin, həmin döyüşlərin iştirakçılarının bir neçəsinin tədbirə qatılmasının önəmini vurğulayan Ş.Bayramov vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib. Azərbaycan xalqının daim öz qəhrəmanları və qəhrəmanlıq salnaməsi ilə seçildiyini söyləyən Ş.Bayramov şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb. K.Nəcəfli vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətləri barədə tələbə-gənclərə öz tövsiyələrini də verib.
Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov gənclərin milli atributlarımıza hörmətlə yanaşmasının və xalqımızın şərəfli tarixini dərindən öyrənməsinin vacibliyini qeyd edib.
Çıxış edənlər aprel döyüşlərində şəhid olan mingəçevirli qəhrəmanlar Adil Adilzadə, Teymur Qasımov və Rüstəm Əhmədovun valideynlərinə müraciət edərək hər bir gəncin onların düşmənlə mübarizədə şücaət göstərmiş vətənpərvər övladları ilə qürur duyduğunu bildiriblər.
Aprel döyüşlərinin iştirakçısı Rəcəb İbrahimov və düşmənlə üz-üzə döyüşlərdə fədakarlıq göstərmiş Şahmar Həsənlinin səhnəyə çıxması tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
MDU tələbələrinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiya və nümayiş etdirilən videoçarx müasir Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunu bir daha göstərib.