REGİONLAR
Amerikalı professor Mingəçevir Dövlət Universitetində təlim keçib
Mingəçevir, 16 yanvar, AZƏRTAC
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində (MDU) olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov ona universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri və universitetin əsas hədəfləri barədə məlumat verib. “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” proqramı çərçivəsində tədrisin məzmununun təkmilləşdirilməsinə çalışdıqlarını bildirən Ş.Bayramov bu proqram üzrə akademik heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi ehtiyacları barədə danışıb.
Amerikalı qonaq ingilis dilinin tədrisi sahəsində tətbiq olunan müasir texnologiyalar və akademik yazı imkanlarının artırılması istiqamətində aparıcı universitetlərdə həyata keçirilən tədbirlər haqqında fikirlərini bölüşüb.
Richard Schlight MDU-nun inzibati heyəti ilə də görüşüb.
Növbəti gün qonaq MDU-nun ingilis dili müəllimlərinə qabaqcıl tədris metodları, auditoriyanın idarə edilməsində diqqət yetirilməli olan məsələlər, tələbələrlə işin təşkili xüsusiyyətləri, ingilis dilini daha yaxşı mənimsəmənin yolları mövzularında seminar keçib. Qonaq seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Daha sonra mütəxəssis MDU-da “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” proqramında təhsil alan tələbələr və magistrantlar üçün master-klass keçib.
Qonaq MDU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə də yaxından tanış olub. Ona akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Richard Schlight imtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və apellyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlardan razılığını bildirib.
Amerikalı ingilis dili mütəxəssisinin MDU-da növbəti seminarlar keçməsinə dair ilkin razılıq əldə olunub.