ELM VƏ TƏHSİL
13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində Avropa İttifaqının birləşmiş stendi debüt edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində Avropa İttifaqının birləşmiş stendi debüt edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə məlumat verib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunacaq. Eyni zamanda sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunacaq. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim ediləcək.
Xatırladaq ki, oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq. Təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.
Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.