İQTİSADİYYAT
13 ölkə yanacaqla işləyən avtomobillərdən istifadəni qadağan edəcək
Bakı, 12 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Dizel və benzinlə işləyən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı artır. Dünyanın ən böyük iqtisadiyyatları arasında yer alan Çin, Hindistan, Fransa, İngiltərə və Norveç kimi ölkələr müxtəlif vaxtlarda benzin və dizellə çalışan nəqliyyat vasitələrini qadağan etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin son hesabatına görə, bu ölkələrlə yanaşı daha 8 ölkə oxşar addımı atmağa hazırlaşır.
Dünyanın ən böyük avtomobil bazarı olan Çin şirkətlərin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı sahəsinin inkişaf etdirilməsi ilə bağlı səylərini artırmağı hədəfləyir. Yanacaqla çalışan nəqliyyat vasitələrini qadağan etməyə hazırlaşan təkcə Çin deyil. İngiltərə 2040-cı ildən ölkənin havasını təmizləmək üçün benzin və dizellə işləyən nəqliyyat vasitələrini qadağan etməyi planlaşdırır. 2050-ci ilə qədər isə yollarda olan bütün nəqliyyat vasitələri sıfır emissiyalı nəqliyyat vasitələri olacaq. İngiltərə ildə 2,7 milyon nəqliyyat vasitəsi satışı həyata keçirən dünyanın ən böyük avtomobil bazarıdır.
Bundan başqa, Fransa da qlobal istiləşməyə qarşı mübarizə məqsədilə 2040-cı ilə qədər yanacaqla çalışan nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır. 2040-cı ildən sonra Fransa yalnız elektrik enerjisi ilə işləyən, hibrid və digər təmiz yanacaqla çalışan nəqliyyat vasitələrinin satışına icazə verəcək.