REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib
Mingəçevir, 1 fevral, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) valideynlərin iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MDU-nun Mühəndislik fakültəsində təhsil alan tələbələrin valideynləri 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişi ilə yaxından tanış olublar.
Valideynlərə semestr ərzində tədris olunan fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Həmçinin imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, apelyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şəraitin yaradıldığı bildirilib.
İmtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və apelyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ baxılması üçün yaradılan imkanlar valideynlər tərəfindən məmnunluqla qarşılanıb.
MDU-nun İmtahan Qərargahının sədri, professor Veysəl Əyyubov keçirilən görüşdə imtahan prosesi və bütövlükdə tədrisin məzmunu ilə bağlı ətraflı məlumat verib.
Valideynlər imtahanların keçirilməsi üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.