MƏDƏNİYYƏT
Bakıda Rerix Beynəlxalq Mərkəzinin sərgisi açılıb
Bakı, 13 fevral, AZƏRTAC
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Rerix Mərkəzinin “Rerix Paktı – mədəniyyət vasitəsilə sülh” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Rerix Mərkəzinin “Rerix Paktı. Tarix və müasirlik” layihəsinin bir hissəsi olan sərgi Rerix Paktının 85 illiyinə həsr olunub, Beynəlxalq Rerix Mərkəzinə və N.K.Rerix Muzeyinə dəstək üzrə təşəbbüs qrupunun (Bakı) təşkilatçılığı və Beynəlxalq Rerix Mərkəzinin və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.
Sərginin açılışında “Mədəniyyət vasitəsilə sülh” sənədli filmi nümayiş etdirilib.
Sərginin kuratoru, Beynəlxalq Rerix Mərkəzinə dəstək üzrə təşəbbüs qrupunun üzvü Lalə Sultanova qeyd edib ki, layihə çərçivəsində dünyanın 50-dən çox ölkəsində, o cümlədən Fransa, Argentina, İsveçrə, Uruqvay, Almaniya, Rusiya, Çili, Qazaxıstan, Niderland, Qırğızıstan, Özbəkistan, Hindistan, Belarus, Bolqarıstan, ABŞ, Avstriya, Finlandiyada, habelə BMT-nin Cenevrə bölməsində, Haaqadakı Sülh Sarayında, BMT-nin Nyu-Yorkdakı iqamətgahında, Vyana bölməsində, Argentina parlamentində 50-dən çox sərgi təşkil edilib.
Rerix Paktı silahlı münaqişələr zamanı və dinc dövrdə mədəni irsin müdafiəsi haqqında ilk beynəlxalq müqavilədir. Bu sənəd mədəniyyətin mühafizəsi sahəsində beynəlxalq hüququn əsasını təşkil edib. Yaradıcısının, böyük rus rəssamı, alim və ictimai xadim Nikolay Konstantinoviç Rerixin adını daşıyan Rerix Paktı 1935-ci ildə ABŞ Prezidenti Franklin Ruzveltin iştirakı ilə 21 ölkənin nümayəndələri tərəfindən imzalanıb. Ruzvelt müqaviləni imzalayan zaman deyib: “Bütün dünya xalqlarına bu paktı imzalamalarını təklif edərkən biz sivilizasiyamızın qorunub saxlanılmasının ən mühüm prinsiplərindən birini tətbiq etməyə çalışırıq. Bu müqavilənin mənəvi əhəmiyyəti mətndə ifadə olunduğundan daha dərindir”.
Sərginin ideyası onun adında əks olunub: mədəniyyət vasitəsilə sülh insanlar və xalqlar arasında əməkdaşlığa və mədəniyyətin mənəvi təməlinə əsaslanan yeni şüur, yeni təfəkkür, yeni münasibətlər formalaşdırmaq deməkdir.
Nikolay Rerix dərindən əmin idi ki, biz mədəniyyətin təsir sahəsini qoruyub saxlamaqla və genişləndirməklə, müharibələrə yer qoymuruq. O deyirdi: “Mədəniyyət harada varsa, sülh də oradadır”.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Hindistanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Suceş Çandra Sinha, M.V.Lomonosov adına MDU-nun Bakı filialının müəllimi Rza Xəlilov, rəssam Hüseyn Mirtəqavi, fotorəssam, “İncəsənət haqqında söhbətlər” müəllif proqramının aparıcısı Rüstəm Hüseynov tədbirdə çıxış edərək bildiriblər ki, Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki Nikolay Rerix yaradıcılıq həyatı boyu çoxu dünyanın tanınmış qalereyalarında saxlanılan təqribən 7000 əsərin və təqribən 30 cilddə ədəbi əsərin, o cümlədən iki poeziya toplusunun müəllifidir. Rerix Paktının ideya müəllifi və təşəbbüskarı “Mədəniyyət vasitəsilə sülh” və “Sülh bayrağı” beynəlxalq hərəkatlarının banisidir. Beynəlxalq Mədəniyyət Günü 1998-ci il aprelin 15-dən qeyd edilir. Rerix Paktı tərəfindən təsdiq edilmiş Sülh bayrağı mədəni dəyərləri qabardan bayraqdır. Son onilliklər ərzində bu bayraq dövlət təhsil və mədəniyyət müəssisələri üzərində dalğalandırılır. Bayraqda təsvir edilmiş qədim simvol dünyanın ən tanınmış memarlıq abidələrində həkk olunub.