ELM VƏ TƏHSİL
Pedaqoji Universitetə yeni qəbul olunmuş doktorant və dissertantlarla görüş
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuş şəxslərlə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov ali təhsil müəssisəsində həyata keçirilən islahatlardan, innovativ layihələrdən danışıb. Qeyd edib ki, əsas hədəfimiz ADPU-nun regionun ən güclü universitetlərindən birinə çevrilməsidir.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, müxtəlif ixtisaslar üzrə 15 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 5 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 6 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb, 2019-cu il dekabrın 29-dək sənəd qəbulu keçirilib. Bu dövrdə komissiyaya 31 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 24, dissertanturaya 2, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 sənəd) qəbul edilib.
İmtahan və müsahibələrin nəticələri əsasında ADPU-ya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 7 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 4 nəfər qəbul olunub.
Doktorant və dissertantlar çıxış edərək qəbul prosesinin ədalətli və şəffaf keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Sonda vəsiqələr verilib.