YUBİLEY TƏBRİKLƏRİ
Rusiyanın TASS informasiya agentliyinin baş direktoru, MDB Ölkələri Xəbər Agentlikləri Rəhbərləri Şurasının sədri
Sergey Mixaylov
- Mən cəsarətlə qardaş adlandırdırdığım AZƏRTAC agentliyini bu böyük yubiley münasibətilə ürəkdən təbrik edirəm. 100 il böyük tarixdir. Ötən il TASS-ın 115 illiyinin tamam olmasına baxmayaraq, biz sizdən azacıq yaşlıyıq. Bununla belə, 100 il hər bir təşkilat üçün çox əhəmiyyətli tarixdir. Əlbəttə, bu, Azərbaycan informasiya agentliyi üçün də başlıca tarixdir. Çünki informasiya resursu üçün əsas məsələ ilk növbədə onun imicidir. AZƏRTAC isə praktiki olaraq qüsursuz imic qazanıb və keşməkeşli informasiya bazarında onun 100 il mövcud olması buna çox yaxşı sübutdur.
Mən son illər AZƏRTAC-a bacarıqla, cəsarətlə, məharətlə, dürüstlüklə rəhbərlik edən, Azərbaycan barəsində obyektiv informasiyanı bütün dünyada yayan qardaşım Aslan Aslanova səmimi salamımı çatdırmaq istəyirəm. Biz AZƏRTAC-la əsl strateji tərəfdaşlarıq. Mən MDB İnformasiya Şurasında fəaliyyətimiz çərçivəsində bizi daim dostcasına dəstəklədiyinə görə AZƏRTAC-a və onun İdarə Heyətinin sədri Aslan Aslanova minnətdaram. AZƏRTAC bizim təklif etdiyimiz bütün layihələrə həmişə böyük və məzmunlu dəstək verir. Düşünürəm ki, TASS-la AZƏRTAC-ın münasibətlərini təsvir etmək üçün yanvarın sonunda Bakıda, Heydər Əliyev Mərkəzində həyata keçirdiyimiz sonuncu iri layihənin adından istifadə edə bilərik. Biz "Onları Bakı və Moskva sevir" adlı böyük fotosərgi açdıq. Layihənin adı AZƏRTAC-la qarşılıqlı münasibətlərimizi çox gözəl xarakterizə edir. AZƏRTAC-ı Moskvada, TASS-ı Bakıda sevirlər. Qoy bundan sonra da belə olsun.