CƏMİYYƏT
Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub
Bakı, 29 mart, AZƏRTAC
COVID-19 virusunun yayılması ilə əlaqədar minlərlə soydaşımız xaricdən Vətənə təxliyə olunub. Hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada qalan və köməyə ehtiyacı olan azərbaycanlıların zəruri ehtiyacları təmin edilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildiriblər ki, Martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib. Dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və “qaynar xətt” yaradılıb. Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına, ümumilikdə, 420-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyə və maddi yardımla bağlıdır.
Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 175 nəfərin müraciəti təmin edilib. Onlardan 47 nəfər təxliyə olunub, 128 nəfərə isə maddi yardım göstərilib. Həmin şəxslər müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunublar.
Müraciətlər, əsasən, Kiyev, Xarkov və Lvov şəhərlərindən olub. Müraciət edənlərin əksəriyyəti tələbələr, turistlər və müvəqqəti işləmək üçün gedənlərdir.
Ölkəyə qayıda bilməyən və maddi yardıma ehtiyacı olan 60-dan çox soydaşımız Kiyevdə, 35-dən artıq azərbaycanlı Xarkovda, 29-dan artıq soydaşımız isə Lvovdadır. Onlar müvəqqəti qalma yerləri ilə təmin olunublar və digər gündəlik tələbatları ödənilir.
Soydaşlarımızın müraciətlərinin sayı artır və onların problemlərinin həlli istiqamətində tədbirlər davam edir.
Qeyd edək ki, bu qərargahlar təkcə tələbələrə deyil, karantin zamanı müxtəlif səbəblərdən Ukraynanı tərk edə bilməyən bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Onlar öz problemləri ilə əlaqədar “qaynar xətt”ə müraciət edə bilərlər. Telefon nömrələri: +380962273489; +380442273489.