DÜNYA
Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü həmrəylik nümayişi ilə qeyd olunacaq
Ankara, 7 aprel, AZƏRTAC
Türkiyə ictimaiyyəti 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramını həmrəylik nümayişi ilə qeyd edəcək.
AZƏRTAC Türkiyə Böyük Millət Məclisinə (TBMM) istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Mustafa Şəntop açıqlama verib. TBMM-in sədri bildirib ki, aprelin 23-də Türkiyə xalqı evlərində və ya yaşadıqları mənzillərin eyvanlarına çıxaraq dövlət bayrağını dalğalandıraraq yerli vaxtla saat 21.00-da İstiqlal marşını oxuyacaq.
Qeyd edək ki, 1920-ci il aprelin 23-ü Türkiyə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tərəfindən 1924-cü il 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar qəbul edilib. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara