CƏMİYYƏT


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb

Bakı, 9 aprel, AZƏRTAC

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanda koronavirus epidemiyasının təsirlərinə məruz qalan yaşı 65-dən yuxarı, tənha yaşayan, aztəminatlı və ehtiyacı olan iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, epidemiyaya qarşı aparılan mübarizə zamanı maddi imkanları daha da pisləşən ailələrə dəstək məqsədilə Türkiyə dövləti adından həyata keçirilən layihə çərçivəsində yağ, şəkər, duz, un, makaron, tomat, mərci, düyü olmaqla əsas ərzaqlarla yanaşı, sabun, yuyucu toz, salfet kimi təmizlik məhsullarından ibarət yardım qutuları hazırlanıb.

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti və Gəncliyə Yardım Fondunun da təşkilatçılığı ilə həyata keçirilən yardım kampaniyası çərçivəsində xüsusilə 65 yaşdan yuxarı tənha yaşayan, təqaüdçü, gündəlik və muzdlu işlərdə çalışan aztəminatlı 2 min ehtiyac sahibi ailəyə yardım qutuları paylanılıb.

TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki TİKA-nın 26 ildir Azərbaycanda fəaliyyət göstərdiyini, bu çətin günlərdə ehtiyacı olan ailələrə və evdən çıxması qadağan edilən yaşlı insanlara yardım fəaliyyətinə başladıqlarını bildirib.

T.Tiryaki deyib: “İki min ailəyə Türkiyə olaraq onların yanında olduğumuzu hiss etdirmək üçün belə bir layihə həyata keçiririk. Bu çətin günləri tez bir zamanda geridə qoyaraq gözəl günlərdə və yeni gözəl layihələrdə bir araya gələcəyimizə ümid edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.