ELM VƏ TƏHSİL
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutları distant təhsili davam etdirir
Bakı,10 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bütün elmi müəssislərində, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə daxil olan institutların magistraturasında martın 29-dan etibarən başlanılmış distant dərslər uğurla davam etdirilir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, magistrantlar mühazirə və təqdimatların elektron variantlarını elektron poçt vasitəsilə və ya birbaşa dərs zamanı əldə edirlər. Eyni zamanda, onlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. II kurs magistrantların elmi rəhbərləri onlara onlayn formada dissertasiya işlərinin yerinə yetirilməsi üzrə elmi-metodiki məsləhətlər verirlər.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 15 magistrantın müxtəlif ixtisas fənləri üzrə “Skype”, “Zoom” və “Microsift Team” proqramlarının köməyi ilə mühazirə və seminar dərsləri davam etdirilir. Həmçinin AMEA-nın Botanika, Genetik Ehtiyatlar, Fiziologiya, Zoologiya, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında müvafiq ixtisas fənləri üzrə dərslərin tədrisi elektron vasitələrlə distant formada həyata keçirilir.
Qeyd edək ki, distant təhsilin gedişi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin magistratura şöbəsinə mütəmadi hesabatlar təqdim olunur.