CƏMİYYƏT


Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir

Bakı, 10 aprel, AZƏRTAC

Tənəffüs infeksiyalarına - COVID-19, vərəmə və s. yoluxma daha çox aerogen, yəni hava-damcı yolu ilə baş verir. Yəni, xəstə asqırdıqda, öskürdükdə respirator damcıların sıçraması və hava-toz yolu ilə, məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan, xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.

Müvafiq tənəffüs infeksiyasına yoluxan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi vacibdir. Paralel olaraq infeksiya ocağı dezinfeksiya olunmalıdır. Yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməledilmə, qoruyucu maskalardan istifadə zəruridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.

Professor tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmağın asan olmadığını deyən R.Bayramov orqanizmin immun statusunun rolundan bəhs edərək bildirib: “Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Xəstələnənlər immun sistemi zəif olanlar və yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu kontekstdə orqanizmin immun statusunun rolu böyükdür”.

ATU-nun kafedra müdiri tənəffüs infeksiyaları ilə mübarizə üçün orqanizmin immun sisteminin güclü olmasına bir sıra amillərin təsir göstərdiyini deyib. Onun sözlərinə görə, bu baxımdan ilk növbədə balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, normal gün rejimi, yetərli səviyyədə yuxu da vacibdir. Bunlarla yanaşı, idmanla məşğul olmaq, təmiz hava qəbulu, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.