DÜNYA


Tokioda fövqəladə vəziyyət rejimi mayın 25-də ləğv oluna bilər

Tokio, 23 may, AZƏRTAC

Yaponiya hökuməti paytaxt Tokioda və digər dörd prefekturada koronavirusun yayılmasının qarşısının alınmasında əldə edilən irəliləyişə görə fövqəladə vəziyyət rejimini mayın 25-də ləğv edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar bazar ertəsi, mütəxəssislərlə məsləhətləşmədən sonra qəbul ediləcək. Dörd prefekturaya Kanaqava, Çiba, Saytama və Hokkaydo daxildir.

Qeyd edək ki, Tokioda cümə gününə olan son məlumata görə cəmi üç nəfər koronavirusa yoluxan aşkar edilib. Son yeddi gündə 100 min nəfərə düşən yoluxanların sayı isə 0,5 nəfərdən az olub ki, bu da fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı tələbə tam cavab verir.

Bununla yanaşı, Kanaqava və Hokkaydo prefekturalarında həmin göstəricinin yuxarı olduğu bildirilir.

Mayın 22-də Yaponiyanın İqtisadi Bərpa naziri Nişimura Yasutoşi həmin prefekturalarda da koronavirusa yoluxanların sayının azaldığını, səhiyyə müəssisələrində isə vəziyyətin yaxşılaşdığını bildirib. Nazir vəziyyətin belə davam edəcəyi təqdirdə, bu prefekturalarda da fövqəladə vəziyyətin ləğvinin mümkünlüyünü deyib.

Yaponiyada bütün prefekturalarda fövqəladə vəziyyət ləğv olunduqdan sonra hökumət iri tədbirlər, o cümlədən milli bayramlar da daxil olmaqla sosial-iqtisadi fəaliyyətin bərpası ilə bağlı əsas rəhbər prinsiplərin hazırlanmasını planlaşdırır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.