REGİONLAR
“Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda videokonfrans keçirilib
Gəncə, 23 may, AZƏRTAC
Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdi. Ölkələr bir-birilərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. “Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə üz-üzə qoydu. Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşır: Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq?
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə mayın 22-də “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən videokonfransın 1-ci panelində ekologiya və turizm sahəsi ilə bağlı bir çox vacib məqamlara toxunulub.
Onlayn konfransda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Gəncə şəhər İHB-nin birinci müavini Səməd Tomuyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türkiyənin tanınmış Haber Global xəbər kanalının rəhbəri Məmməd Gülməmmədov, Yoga Shahi Mərkəzinin təsisçisi Sabina Shahi və Selcuk Universitetinin Turizm fakültəsinin dekanı Necmi Uyanık iştirak ediblər.
Müzakirə zamanı bütün dünyanın koronavirus pandemiyasının təhdidi altında olduğu bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, xüsusilə də reallaşdırılan genişmiqyaslı sosial dəstək tədbirlərinin bir çox ölkələr üçün nümunə olmasından, qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin dayanmadan davam etdirildiyindən danışılıb. Eyni zamanda, pandemiya dövründə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı məsələlər də müzakirə mövzusuna çevrilib.
Onlayn konfransda iqtisadi böhranın, koronavirus pandemiyasının ekologiyaya, ətraf mühitə və turizmə təsirlərinə də nəzər salınıb, tövsiyələr dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, videokonfransın 23 may-da davam edəcək 2-ci panelində postpandemiya dövründə təhsil və media mövzusuna toxunulacaq.