CƏMİYYƏT
Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıblar
Bakı, 23 may, AZƏRTAC
Mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfərin Binə qəsəbəsi ərazisində onu bıçaqla hədələyərək 100 manatını almaları barədə Daxili İşlər Nazirliyinin ( DİN) “102” Zəng Mərkəzinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, N.Abbasov və əvvəllər məhkum olunmuş İ.Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.