MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib

Bakı, 23 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir. Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsertin qonaqları gənclər olub.

AZƏRTAC xəbər verir ki, Milli Konservatoriyanın tələbələri İbrahim Babayev (tar), İsmayıl Zülfüqarov (tar), Pərviz Məmmədov (fortepiano), Vəfadar Ramiz (ritm alətləri) öz ifalarını təqdim ediblər. Gənclər bildiriblər ki, sənətdə əsas məqsədləri Azərbaycan musiqisini keyfiyyətli və zövqlü şəkildə dinləyiciyə təqdim etməkdir.

Canlı efirin qonağı olan gənc bəstəkarlar Aydan Əliyeva, Nigar Əliyeva, Saleh Nəzərov dövlət tərəfindən yaradıcılıqlarının inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar. Vokal ifaçıları Orxan Hüseynov, Ayan Tohidi bəstəkarların əsərlərindən nümunələr təqdim ediblər. Vokalçıları Əməkdar artist Fəridə Hüseynova və gənc fortepiano ifaçısı Arzu Əsgərli müşayiət edib.

Kamança ifaçısı Elnur Salahov solo və müşayiətçi kimi fəaliyyətindən söz açıb. İfaçı, eyni zamanda, pedaqoq kimi fəaliyyətindən, BMM–də keçirilən konsertlərdə həm ansambl, həm də üçlüklə iştirak etdiyini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, BMM –nin Azərbaycan musiqisinin təbliğində mühüm rolu var.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin facebook səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.