REGİONLAR
Ağdamlı könüllülər pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar
Ağdam, 23 may, AZƏRTAC
Ağdam könüllüləri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışına qoşularaq koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən tədbirlərdə fəallıq göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam könüllüləri məhəllə və küçələrdə xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşır, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Həmçinin Yeni Azərbaycan Partiyası Ağdam rayonu təşkilatı Gənclər Birliyinin könüllüləri koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq səyyar şəkildə mütəmadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək, onlara tibbi spirt, tibbi maska və əlcəklər paylayıblar. Rayonda yaşayan yüzlərlə tənha ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında rayon icra hakimiyyətinin könüllüləri də fəal iştirak ediblər.
Könüllü gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.