SİYASƏT
BERNAMA agentliyi mübarək Ramazan bayramı ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirinin təbrikini yayıb
Kuala Lumpur, 23 may, AZƏRTAC
Malayziyanın aparıcı BERNAMA dövlət informasiya agentliyi Azərbaycanın bu ölkədəki səfiri, həmçinin diplomatik korpusun duayeni professor Qaley Allahverdiyevin mübarək Ramazan bayramı ilə əlaqədar təbrikini yayıb.
AZƏRTAC xəbər verir ki, “Ramazan bayramı ilə bağlı təbriklərini çatdıran Azərbaycan səfiri COVID-19 ilə mübarizədə humanizm dəyərlərinin zəruriliyini bildirib” başlıqlı məqalədə diplomatımız bu ölkədəki həmvətənlərimizlə yanaşı, malayziyalı bacı və qardaşlarımızı da təbrik edib. Səfir vurğulayıb ki, bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə müqəddəs Ramazan ayının təbliğ etdiyi humanizm dəyərləri mühüm əhəmiyyətə malikdir.
Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə həftə əvvəl xalqımıza müraciətindəki bir məqama xüsusi diqqət çəkən səfir dövlətimizin başçısına istinadla bildirib ki, indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz həmin nəslin nümayəndələrində müşahidə olunur.
Səfirin sözlərini sitat gətirən agentlik yazır: “Müqəddəs Ramazan ayı özündə insanlara mərhəmət, şəfqət, o cümlədən çoxsaylı xeyirxah əməllər kimi xoş hissləri təlqin edir. Belə əməllərdən biri də humanizm naminə həmrəylikdir. Bəşəriyyətin xüsusilə COVID-19 pandemiyası ilə bağlı məruz qaldığı bu çətin günlərdə həmrəyliyə daha çox ehtiyacı var.
Mən öz adımdan, səfirliyimizin əməkdaşları adından hazırda Malayziyada olan həmvətənlərimizi və malayziyalı bacı-qardaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.
Məqalədə Azərbaycan səfirliyini bir gün əvvəl “Mesra Home” Xeyriyyəçilik Evində təşkil etdiyi iftar süfrəsi barədə də ətraflı məlumat verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur