SİYASƏT


Professor Dilarə Seyidzadə ilə Azərbaycan Xalq Cümhuriyyəti və milli mətbuatımızın təşəkkülü barədə söhbət

Bakı, 28 may, AZƏRTAC

XX əsrin əvvəlləri xalqımızın tarixində, milli mənlik şüurunun inkişafında, iqtisadi və intellektual potensialının artmasında xüsusi yer tutur. O dövrün başlıca yekunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması idi. AZƏRTAC-ın müxbiri Cümhuriyyətin 102-ci ildönümü ərəfəsində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə həmsöhbət olub. Dilarə xanım həmin dövrün mətbuatı haqqında danışıb, atası Bağır Seyidzadənin AZƏRTAC-ın direktorunun müavini işlədiyi illəri, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə media ilə işin yeni çalarlar aldığını, müsbətə doğru necə dəyişdiyini xatırladıb. Müsahibəni təqdim edirik.

- Dilarə xanım, Siz Azərbaycan tarixinin XX əsrin əvvəllərinə aid dövrünün tədqiqatçılarından birisiniz. O illərin mətbuatını necə səciyyələndirərdiniz?

- Zənnimcə, o vaxt çap olunan qəzetlərin təkcə adlarını çəkmək kifayətdir: "Həyat", "İrşad", "Füyuzat", "Kaspi", "Azərbaycan"... Həmin qəzetlərin səhifələrində ictimai-siyasi, mədəni elitanın parlaq simalarının - Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqalarının ümummilli ideyalara köklənmiş, milli mənlik şüurun oyanmasına, maarifçiliyə xidmət edən məqalələri dərc olunurdu. 1905-ci ili haqlı olaraq milli siyasi mətbuatın təşəkkül dövrü hesab etmək olar. Ümumrusiya Müsəlmanları İttifaqının proqramını və nizamnaməsini isə Ə.Topçubaşov yazmışdı.

Azərbaycandan seçilmiş deputatlar Rusiya Dövlət Dumasında cəsarətlə çıxış edir, milli hüquq bərabərliyi, təhsil, aqrar və digər sahələrdə əsaslı dəyişikliklər aparılması tələblərini irəli sürürdülər. Ulu öndər Heydər Əliyevin həmin dövr barədə dediklərini xatırlayaq: "O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

- Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri də bu günlərdə 100 yaşı tamam olan Milli Teleqraf Acansıdır (AZƏRTAC). Bu barədə nə deyə bilərsiniz?

- Cümhuriyyət parlamentinin və hökumətinin önəmli xidmətlərindən biri də sözsüz ki, ilk milli xəbər agentliyinin yaradılmasıdır. AZƏRTAC ötən 100 ildə çox çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir yol keçib. Yarandığı vaxtdan bəri dövrün salnaməsini yazıb və bu gün də yazmaqda davam edir. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da mötəbər informasiya mənbəyi kimi tanınan agentlik cəmiyyətə hər zaman doğru-dürüst, qərəzsiz və operativ xəbərlər çatdırıb. Mediaya yaxın, bu sahəyə bələd olan bir şəxs kimi deyə bilərəm ki, AZƏRTAC-da bütün dövrlərdə istedadlı, təcrübəli jurnalistlər, bacarıqlı tərcüməçilər çalışıblar. Bu gün də belədir.

- Sizin ailəniz AZƏRTAC-la bilavasitə bağlı olub. Atanız – tanınmış ictimai xadim, diplomat və tərcüməçi Bağır Seyidzadə bir müddət agentlikdə direktorun müavini işləyib. O illərdən yaddaşınızda nələr qalıb?

- Bu, uzaq keçmişdə baş verib, üstündən az qala 60 il keçsə də, o illəri yaxşı xatırlayıram. Atam AZƏRTAC-da direktor müavini vəzifəsinə 1963-cü ildə təyin olunmuşdu. Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri – İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə "Gənc işçi" qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə ilə məşğul olması kömək edirdi. Azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. 1965-ci ildə agentliyin 45 illik yubiley mərasiminə məni də aparmışdı. Tədbirin aparıcılığı atama həvalə olunmuşdu.

Hesab edirəm ki, AZƏRTAC atam üçün bir imdad ocağı oldu. Onu Fəxri xiyabandakı son mənzilinə məhz agentliyin kollektivi, Azərbaycanın görkəmli jurnalistləri, ictimai-siyasi xadimləri yola saldılar.

- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə mediamızın inkişafında yeni mərhələ başlandı. Bildiyimizə görə, Ulu Öndərin dövlət səfərləri zamanı media ilə, jurnalistlərlə işi siz qururdunuz. Həmin səfərlər barədə rəsmi informasiyalar AZƏRTAC-ın kanalları ilə yayılır və əsas ağırlıq bu agentliyin üzərinə düşürdü. Azərbaycanda siyasi publisistika məhz Heydər Əliyev məktəbində formalaşırdı. O illəri necə xatırlayırsınız?

- Bilirsiniz, o illər əsl quruculuq illəri idi. Həyat sanki yenidən qurulurdu: özü də təkcə iqtisadi, siyasi sahələrdə deyil, həm də insan münasibətlərində hər şey təzələnirdi. Heydər Əliyev jurnalistlərə böyük qayğı ilə yanaşır, mətbuata açıqlığı ilə seçilirdi. AZƏRTAC isə bu sırada birinci idi. Ulu Öndərimiz dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a üstünlük verir, ona etibar edirdi. Respublikada keçirilən dövlət tədbirlərində və xarici ölkələrə səfərlərdə bir qayda olaraq AZƏRTAC-dan Aslan Aslanov iştirak edirdi. Agentliyin bu seçimi təsadüfi deyildi. Çünki Aslan müəllim ona tapşırılan bu mühüm işə çox məsuliyyətlə yanaşır, gecə-gündüz bilmədən çalışırdı. Onun bu keyfiyyətləri, eləcə də jurnalist duyumu və peşəkarlığı səfərlərin işıqlandırılması və ictimaiyyətə operativ çatdırılması baxımından çox vacib idi.

O vaxtlar Azərbaycan mətbuatında dövlət başçısının fəaliyyətini işıqlandırmaq ənənəsi və təcrübəsi olmadığından Heydər Əliyevin müxbirlərlə hər söhbəti əsl jurnalistika dərsinə çevrilərdi. Azərbaycan tarixini dərindən bilən, siyasət ustadı və böyük natiqlik məharətinə malik olan Ulu Öndərin çıxışları, dövlət və hökumət başçıları ilə apardığı yüksək səviyyədə danışıqları fikrin ifadə tərzi, səlis və təmiz dili, aydın məntiqi baxımından siyasi publisistikanın bənzərsiz nümunələridir.

Biz hər dəfə səfərdən qayıdandan sonra AZƏRTAC ilə bir yerdə çalışır, Heydər Əliyevin çıxışlarını şifahi nitqdən yazılı mətnə çevirərək mətbuata, radio və televiziyaya göndərərdik. Onları oxucuya yubanmadan çatdırmaq üçün çox vaxt səhərədək işləyərdik. Ulu Öndərin jurnalistikaya, sözə və qələm əhlinə böyük hörməti vardı. Heydər Əliyevin siyasi kursunu uğurla və yaradıcı şəkildə davam etdirən Prezident İlham Əliyev də jurnalist əməyini çox yüksək qiymətləndirir. Bu baxımdan jurnalistlərlə görüşlərinin birində səsləndirdiyi fikri xatırlatmaq yerinə düşər: "Mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir".

- Dövlət səfərlərində bir tərəfdən protokol qaydalarına riayət etmək, digər tərəfdən isə çox sürətlə, çevik işləmək tələb olunurdu – bütün bunların öhdəsindən necə gəlirdiniz?

- Vaxtilə mən Azərbaycan Xalq Cümhuriyyətini quranların fəaliyyəti barədə məlumatları gecə-gündüz arxivlərdə çalışa-çalışa əldə etmişəm. Ulu Öndərlə işləyəndə isə qarşımda böyük siyasi xadimi və vətəndaşı, xalqının və ölkəsinin gələcəyini düşünən və onun daim müstəqil, suveren, azad yaşaması uğrunda bütün qüvvə və biliyini sərf edən, bu yolda hətta həyatını qurban verməyə hazır olan bir şəxsiyyəti görürdüm. Bu, mənim üçün əlavə güc, qüvvə mənbəyi idi.

Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Atdığı hər addım, dediyi hər söz çox maraqlı idi, ona görə də hamısını bircə-bircə qələmə alırdım. Bu cür qeydlər apardığım 60-a yaxın ümumi dəftərim var. Ulu Öndərlə işləyəndə başa düşdüm ki, tarixçi olmaq çox faydalıdır. Elə günlər olurdu ki, gecəni yatmayıb səhərədək işləyirdim. Lakin yorğunluq hiss etmirdim. Əsas odur ki, adam öz işini, seçdiyi yolu sevsin, belə olarsa, heç vaxt yorulmaz. O sevgini mənə həm atam, həm də dahi Heydər Əliyev bəxş edib. Bu gün Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidentiyəm" deyir. Bu o deməkdir ki, o, hər bir azərbaycanlını, Azərbaycanın hər daşını, hər qarış torpağını sevir. Bu, çox böyük bir məsuliyyətdir.

- Siz gənclərlə görüşür, Ulu Öndərin irsini təbliğ edirsiniz. Onlara əsas tövsiyəniz nə olur?

- Böyük Allahın işidir ki, insanı yaradarkən bu torpağı ona əmanət edir. Bu məsuliyyəti, bu hikməti hər bir valideyn öz övladına aşılamalıdır. Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" deyəndə hamı kövrəlirdi: özü də kövrəlirdi, biz də kövrəlirdik. Gənclərlə hər görüşdə deyirəm, görürsünüz, o necə kövrəlir. Çünki Azərbaycanı və xalqını qəlbən sevir. Niyə bu qədər sevir? Ona görə ki, Azərbaycanı tanıyır, onun tarixini bilir və bu gözəl, ulu torpaqda yaşayan hər bir insan onun üçün əzizdir.

Doğrudan da həyatda ən gözəl nemət və meyar bilikdir. Dönə-dönə valideynlərimizə rəhmət oxumalıyıq ki, bizim bilik qazanmağımıza şərait yaradıblar. Atam danışardı ki, 1918-ci ildə babam Mirqasım özünün və qardaşının ailəsini İrəvandan Tiflisə köçürəndən sonra övladlarının təhsilinə xüsusi diqqət yetirirdi. Eləcə də atam 1925-ci ildə Bakıya köçəndə onu burada kim tanıyırdı? Hər şeyə öz biliyi, zəhmətsevərliyi, ona tapşırılan işlərə məsuliyyətlə yanaşması sayəsində nail olmuşdu. Atam bizi tez-tez kinoya aparırdı, oxuduğumuz kitablar haqqında soruşurdu. Valideynlərimiz bizi həm sevir, həm də bilik qazanmağımız üçün tələbkarlıq göstərirdilər. Ailə səni sevə-sevə sənin gözlərinlə dünyaya baxır. Mənim uşaqlığımın xatirələri onunla bağlıdır ki, evimizdə valideynlərim arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Atam həmişə deyirdi ki, mənim dayağım mənim xanımımdır. Bütün bunların bizim tərbiyəmizə, həyat tərzimizə çox böyük təsiri olub.

Gənclərimizə daim bilik qazanmağı, öz üzərlərində çalışmağı tövsiyə edirəm. Bu gün Prezident İlham Əliyevin hər çıxışı Azərbaycan xalqı üçün bilik mənbəyidir. Xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ulu Öndərimiz olub, İlham Əliyev kimi Prezidentimiz var. Allah bu gözəl, ulu torpağımızı qorusun, hər birimizi qorusun.

- Maraqlı söhbət üçün təşəkkür edirik.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri, filologiya üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.