SİYASƏT


Azərbaycanın Britaniyadakı səfiri 28 May - Respublika Günü münasibətilə azərbaycanlı icma ilə virtual görüş keçirib

Səfir Tahir Tağızadə: Pandemiya Azərbaycan və Britaniyanı bir-birinə daha da yaxınlaşdırıb

London, 28 may, AZƏRTAC

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 28 May - Respublika Günü münasibətilə Britaniyada yaşayan Azərbaycanlı icmasının üzvləri ilə videokonfrans keçirib.

Görüşə qarşı tərəfdən əsas qonaq qismində Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Martin Harris qoşulub.

Videokonfransın əvvəlində səfir səfirliyin bütün əməkdaşları ilə birlikdə Britaniyada yaşayan həmvətənlərimizi Respublika günü münasibəti ilə təbrik edib. Daha sonra səfir ADR-in yaranması, müasir Azərbaycanın daxili və xarici siyasəti, eləcə də Britaniya ilə ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair çıxış edib. O, bildirib ki, gələcək nəsillərə ötürə biləcəyimiz ən dəyərli sərvət azadlıqdır və buna görə də hər birimiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa hazır olmalıyıq. Britaniya ilə ikitərəfli əlaqələrin müstəsnalığından bəhs edərkən səfir Tağızadə pandemiyanın iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını söyləyib.

Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Martin Harris Azərbaycan və Britaniya arasında “güclü” və xüsusi” münasibətlər olduğunu və ikitərəfli münasibətlərə “strateji tərəfdaşlıq” kimi istinad edib. O, pandemiyanın qlobal vüsət almasından çox az müddət əvvəl, mart ayının başlanğıcında Azərbaycana baş tutmuş səfəri barədə məlumat verərək səfər zamanı keçirdiyi görüşlərin ona ikitərəfli əlaqələrin ruhu və gücünü görmək üçün imkan yaratdığını söyləyib.

Harris Azərbaycana səfərinin dünyada pandemiyanın ilk təsirlərinin hiss edildiyi, xüsusən neft qiymətlərinin kəskin aşağı düşməsi vaxtına təsadüf etdiyini, Prezident Administrasiyası və Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə bu çağırışlarla mübarizədə tərəfdaşlığın gücünə qarşılıqlı etibar ifadə edildiyini bildirib. O, bu görüşlərdə həqiqi güclü strateji tərəfdaşlar kimi Azərbaycan və Britaniyanın neft bazarındakı kataklizmləri idarə etmək və bu böhrandan yaxşı mənada istifadə etmək yollarını müzakirə etdiklərini nəzərə çatdırıb. O, həmçinin Bakıdakı görüşlər zamanı qlobal və regional təhlükəsizlik məsələlərinin də müzakirə edildiyini əlavə edib.

M.Harris 12 aprel tarixində Heydər Əliyev Mərkəzinin Britaniyanın COVID-19-la mübarizəsinə dəstək əlaməti olaraq Britaniya bayrağı ilə işıqlandırılmasına görə Azərbaycan tərəfinə təşəkkür edərək bunu “bir dost və strateji tərəfdaşın Britaniya əhalisinə jesti” kimi qəbul etdiklərini qeyd edib. Sonda Martin Harris əlavə edib ki, Azərbaycan və Britaniya arasındakı dostluq pandemiyanın yaratdığı böhranın gedişində daha da güclənir.

Martin Harrisin çıxışından sonra Respublika günü münasibəti ilə Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baronessa Emma Nikolsonun video-mesajı təqdim edilib. Videomesajında Baronessa Nikolson bu vəzifəni yerinə yetirməkdən şərəf duyduğunu bildirərək Azərbaycan xalqını təbrik edib. O, bu il bayramın heç də asan olmayan pandemiya dövrünə düşdüyünü, buna baxmayaraq Azərbaycanda ölkə rəhbərliyinin virusla uğurlu mübarizə apardığını qeyd edib.

Daha sonra Britaniyada fəaliyyət göstərən Azərbaycan Evi diaspor təşkilatının sədri Ali Atalar, eləcə də diasporun digər üzvləri çıxış edərək səfir Tağızadəyə videokonfransın təşkilinə görə təşəkkür edərək, Azərbaycan xalqına Respublika günü münasibəti ilə təbriklərini çatdırıb. Videokonfransın iştirakçıları həmçinin pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın rolu, peyvənd hazırlanması, tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

T.Tağızadə bu kontekstdə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib. Tədbir zamanı protokola uyğun olaraq hər iki ölkənin himni səsləndirilib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.