CƏMİYYƏT


14 mart - Beynəlxalq Çaylar Günüdür

14 mart - Beynəlxalq Çaylar Günüdür

Bakı, 14 mart, AZƏRTAC

14 mart - Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günüdür. Həmin ekoloji təqvim 1998-ci ildə təsis edilib. Bu gün dünyada Bəndlər əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi də tanınır.

AZƏRTAC xəbər verir ki, bu günün qeyd edilməsi təşəbbüsü ilk dəfə ABŞ-ın Kaliforniya ştatında yerləşən “Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən irəli sürülüb.

Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirilmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir. Fəalların çay hövzələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı addımlar sırasında ABŞ-da 60 metr hündürlüyündə iki bəndin sökülməsini və İsveçdə 15 metrdən hündür bəndin tikilməsinə qadağa qoyulması haqqında qanunun qəbul edilməsini nümunə göstərmək olar.

Beynəlxalq Çaylar Gününün builki devizi “Çaylar, su və həyat üçün!”dür.

Azərbaycan Respublikasının çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500 kilometr, 324 çayın uzunluğu 11-100 kilometr arasında dəyişir, əksər çayların uzunluğu isə 10 kilometrdən azdır. Ölkədə mövcud olan çaylar Xəzər dənizi hövzəsinə aiddir.

İşğaldan azad olunmuş ərazilərimiz həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngin bölgədir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz işğaldan azad olunan ərazilərin payına düşür.

Bölgənin ən gursulu çayları ilə əhatə olunan Qubadlı rayonu ərazisindən iki çay keçir. Bu çaylardan ən böyüyü Bərgüşad çayı, ikincisi isə Həkəri çayıdır ki, o da Bərgüşad çayının qoludur. Həkəri çayının Bərgüşad çayının qolu hesab edilməsinin əsas səbəbi Bərgüşad çayının daha uzun və bolsulu olması ilə əlaqədardır. Həkəri çayı öz başlanğıcını Laçın rayonu ərazisindən götürür. Çayın uzunluğu 113 kilometrdir, orta illik su sərfi 10.7 kubmetr/saniyəyə yaxındır. Həkəri çayının ən böyük qolu Zabux çayıdır.

Bərgüşad çayı isə öz başlanğıcını Bazarçay adı ilə Kəlbəcər rayonu ərazisindən götürür, Ermənistan ərazisindən keçir və Qubadlı ərazisində Həkəri çayla birləşərək Zəngilan rayonunda Araz çayına tökülür. Bərgüşad çayının uzunluğu 158 kilometr, orta illik su sərfi 20,1 kubmetr/saniyəyə yaxındır. Hər iki çay Araz çayının qollarıdır.

Həkəri və Bərgüşad çaylarının üzərində su anbarlarının tikilməsi planlaşdırılır. Bununla bağlı layihələr işlənilir.

İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə çaylarda da monitorinqlər aparılır. Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsi nəticəsində çaydan götürülən su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Hazırda monitorinqlər davam edir və beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.