REGİONLAR
Dənli və dənli paxlalı bitkilərin sahəsindən 3 milyon tona yaxın məhsul toplanıb
Bakı, 14 avqust, AZƏRTAC
Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı və yaxud 97,6 faizi biçilərək məhsulu yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sahələrdən 2903,6 min ton məhsul toplanıb, məhsuldarlıq 30,7 sentner olub. Məhsulun 1860,2 min tonunu və yaxud 64,1 faizini buğda, 1018,7 min tonunu (35,1 faizini) arpa, 24,7 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 30 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Belə ki, 25 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faiz aşağı olub.
Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,1 sentner), Saatlı (müvafiq olaraq 41,6), Sabirabad (41,3), Samux (40,1), Ağdam (40,1) Tərtər (39,6), Salyan (39,6), İmişli (39,1), Tovuz (38,4) və Ağcabədi (37,2) rayonlarının payına düşüb.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki şəhərində (199,9 min ton), Cəlilabad (176,6 min ton), Kürdəmir (128 min ton), Neftçala (123,8 min ton), Füzuli (118 min ton), Ağsu (113,7 min ton), Ağcabədi (105,5 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (118 min ton) müşahidə olunub.