İDMAN


Başa çatmaqda olan ilin ən yaxşı idmançıları və idman xadimləri müəyyən edilmişdir

Bakı, 23 dekabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyi başa çatmaqda olan ildə fərqlənmiş idman xadimlərinə, federasiyalara və jurnalistlərə mükafatlar təqdim etmişdir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olmuşdur. 2011-ci ildə Azərbaycanda 42 beynəlxalq yarış təşkil edilmişdir. İdmançılarımız 275 beynəlxalq turnirdə 705 medal, o cümlədən olimpiya idman növlərində 276, idmanın digər növlərində 429 medal qazanmışlar. İl ərzində dörd olimpiya idman kompleksi istifadəyə verilmişdir, daha on mərkəzin tikintisi davam edir. Azərbaycan idmançılarının bu uğurları Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bədən tərbiyəsinin və idmanın inkişafına qayğısı sayəsində mümkün olmuşdur.

Gələn il Olimpiya ilidir. Azərbaycan idmançıları Londonda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün indiyədək idmanın 10 növündə 30 lisenziya qazanmışlar. Nazir bildirmişdir ki, o, idmançılarımızın qazandığı vəsiqələrin sayının 50-yə çatacağına ümid edir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də mərasimdə çıxışında vurğulamışdır ki, əvvəlki illər kimi 2011-ci il də Azərbaycan idmanı üçün uğurlu olmuş, idmançılarımız bu ili yüksək göstəricilərlə başa vurmuşlar.

Sonra ilin ən yaxşı idman xadimlərinin adları elan edilmişdir. İlk onluğa boksçu Maqomedrasul Məcidov, kanoeçi Valentin Demyanenko, yunan-Roma güləşçisi Rövşən Bayramov, güləşçi Mariya Stadnik, boksçu Teymur Məmmədov, güləşçi Şərif Şərifov, gimnast Aliyə Qarayeva, ağır atlet Valentin Xristov, cüdoçu İlqar Müşkiyev və taekvondoçu Ramin Əzizovun adları daxildir.

Voleybolçu qadınlar arasında dünya çempionu adını qazanmış, çempionlar liqasında isə ikinci yeri tutmuş “Rabitə” voleybol klubu ilin ən yaxşı komandası hesab edilmişdir.

Azərbaycan Boks Federasiyası ilin ən yaxşı federasiyası, Rövşən Bayramovun şəxsi məşqçisi Hicran Şərifov isə ilin ən yaxşı məşqçisi adına layiq görülmüşdür.

Atçılıq İdmanı Federasiyası ilin ən yaxşı idman təşkilatı, Ələkbər Cəfərov ilin ən fəal veteranı hesab edilmişdir.

“Kür” Olimpiya Tədris-Məşq Bazası ilin ən yaxşı idman bazası, güləş üzrə arbitr Əjdər Cəfərov və ağır atlet Vahid Nəzərov ən yaxşı hakim hesab edilmişlər.

Respublika paytaxtındakı 16 nömrəli idman məktəbi ilin ən yaxşı idman məktəbi adına layiq görülmüşdür. “Lider” teleşirkətini təmsil edən Rövşən Binnətli və “Space” telekanalı ən yaxşı jurnalistlər kimi qeyd edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.