CƏMİYYƏT


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar “açıq qapı” günü keçirir

Bakı, 18 sentyabr, AZƏRTAC

Dahi bəstəkar Üzeyir Hacıbəylinin vaxtilə iş otağının yerləşdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) inzibati binasında bəstəkarın anadan olmasının ildönümü və Milli Musiqi Günü ilə əlaqədar “açıq qapı” günü keçirilir. Məqsəd Azərbaycan musiqisinin məbədi olan Şuşa şəhərinin işğalına, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzünün davam etməsinə diqqət çəkməklə yanaşı, belə bir otağın varlığı barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, əvvəlcə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq açılış mərasimi təşkil edilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırda qurumun yerləşdiyi binada ilk olaraq Bakı Musiqi Akademiyasının fəaliyyət göstərdiyini deyib və bir çox Bakı sakininin Üzeyir Hacıbəylinin bu otaqda işləməsindən xəbərsiz olduğunu bildirib. “Bakının arxitekturası gözəldir, mərkəzi küçələri tarixi binalarla zəngindir. Lakin bir çox insan, tarixçilər, araşdırmaçılar bu otağın varlığından xəbərsizdirlər. Biz düşündük ki, bunu müəyyən mənada təbliğ etməliyik. Təşkil etdiyimiz tədbir həm də siyasi xarakter daşıyır. Azərbaycanın bir çox mədəniyyət xadimləri, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəyli Şuşada anadan olublar. Təəssüf ki, bu şəhər Azərbaycanın bir sıra digər rayonları ilə birlikdə işğal altındadır. Bizim Mərkəz beynəlxalq məsələlərlə məşğuldur və ən əsas işimiz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Biz bu əlamətdar gündən yararlanaraq və bu otağı simvolik olaraq seçərək həm Azərbaycan, həm də dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına çəkmək və işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan etmək istəyirik. Azərbaycanda həm hərbi, həm siyasi istiqamətdə münaqişənin həlli ilə bağlı müəyyən işlər görülür. Bizim də elmi istiqamətdə fəaliyyətimiz işğal olunmuş ərazilərimizin boşaldılması və əhalinin öz yurd-yuvalarına qayıtması ilə bağlıdır”, - deyə Fərid Şəfiyev əlavə edib.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev belə bir tədbirin təşkilinə görə BMTM-ə təşəkkür edib və bildirib ki, Üzeyir Hacıbəyli öz əsərləri ilə Azərbaycanı dünya miqyasında tanıdan şəxsiyyətdir. O qeyd edib ki, Üzeyir Hacıbəyli qarabağlı və şuşalı olaraq daim xalqımızın qəlbində yaşayır və onun yaradıcılığı Azərbaycanın necə istedadlı insanlar yetişdirdiyini dünyaya sübut edir.

Tural Gəncəliyev Şuşa ilə ailə bağlarının olduğunu deyərək Üzeyir Hacıbəylinin onun həyatında da dərin izlər buraxdığını diqqətə çatdırıb.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, bu gün saat 12:00-dan 17:00-a kimi isə şəhər sakinlər iş otağına baxış imkanına malik olacaqlar. Otağa baxış xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

Xatırladaq ki, BMTM bir zamanlar Bakı Musiqi Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin yerləşdiyi binada fəaliyyət göstərir. Tarixi bina 1885-ci ildə tikilib. Bir müddət Üzeyir Hacıbəylinin bu binada iş otağı yerləşib. Təxminən 10 il əvvəl uzun müddət boş olan iş otağı Üzeyir Hacıbəylinin ev muzeyindəki iş otağına bənzər şəkildə tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.