CƏMİYYƏT
Baş Prokurorluq intihar edən müəllimlə bağlı media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naidə İsayevanın intihar etməsi faktına görə sentyabrın 17-də Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bununla bağlı kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə istintaqın hazırkı mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.