DÜNYA


BMT Afrikada aclıq fəlakəti ilə əlaqədar müraciət yayıb

Qahirə, 18 sentyabr, AZƏRTAC

BMT Ərzaq Proqramının rəhbəri Deyvid Besli bildirib ki, Afrikada COVID-19 pandemiyası, silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən milyonlarla insan aclıq fəlakəti ilə üzləşib. O, donor ölkələri və milyarderləri bu fəlakətin qarşısını almağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Besli hələ 5 ay əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Afrikada potensial “aclıq pandemiyası” ilə əlaqədar xəbərdarlıq etmişdi. O əlavə etmişdi ki, tarixdə ilk dəfə olaraq bütün dünyada 138 milyon insan aclıqdan əziyyət çəkəcək, həmçinin onlardan 30 milyonu həyatını itirə bilər.

D.Besli diqqətə çatdırıb ki, silahlı münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən Konqoda artıq 15 milyondan çox insan aclıqla üz-üzədir. Həmçinin döyüşlərin davam etdiyi və ən ağır humanitar böhran yaşayan Yəməndə də ərzaq yardımlarının çatdırılmasında ciddi problemlər mövcuddur. Pandemiya səbəbindən Nigeriya və Cənubi Sudan əhalisi də kəskin ərzaq qıtlığı ilə qarşı-qarşıya qalıb. Yaxın vaxtlarda tələb olunan 4.9 milyard dollar vəsait ayrılmasa, o zaman Afrikada 30 milyon insan aclıqdan həyatını itirə bilər.

Qeyd olunub ki, dünyada 8 trilyon dollar sərvətə malik olan 2 mindən çox milyarder var. Pandemiya dövründə onların bir çoxunun sərvəti milyard dollarlar həcmində artıb. “Mən insanların pul qazanmasının əleyhinə deyiləm. Lakin bəşəriyyət ən böyük böhranla üzləşib və dünya tarixində ən ekstremal vəziyyətdə varlı insanlar kömək əlini uzatmalıdır”, - deyə Besli vurğulayıb. O əlavə edib ki, Afrikada dərin sosial-iqtisadi böhran insanlar üçün COVID-19-dan daha təhlükəlidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.