İQTİSADİYYAT


Avropa İttifaqı-Azərbaycan biznes forumuna həsr olunan onlayn konfrans keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də “Avropa İttifaqı-Azərbaycan Biznes Forum 2020-2022”yə həsr edilmiş onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, forum beynəlxalq konsultasiya təşkilatı olan COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) və “İnvestBaku” ilə tərəfdaşlıq çərçivəsində baş tutub. Tədbirin məqsədi şirkətlərin 2020-2022-ci illərdə keçiriləcək biznes forum, ölkələr arasında iqtisadi əməkdaşlıq və digər fəaliyyətlərlə bağlı gələcək imkanlar barədə məlumatlandırılması olub.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qattinin moderatorluğu ilə keçirilən tədbirə Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas, İtaliya və Fransanın Azərbaycandakı səfirləri Auqusto Massari və Zakari Qross, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, həmçinin beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri qatılıblar.

K.Yankauskas hər il çoxlu sayda iştirakçının qoşulduğu Avropa İttifaqı-Azərbaycan biznes forumunun çox əhəmiyyətli tədbir olduğunu bildirib. O, dövlətlərarası sərhədlərin bağlanmasına baxmayaraq, Azərbaycan və Avropa ölkələri arasında ticarət əlaqələrinin artmaqda və inkişaf etməkdə davam etdiyini vurğulayıb.

Pandemiyanın neft qiymətlərinə təsirindən danışan Aİ-nin nümayəndəsi Azərbaycanın bu müddət ərzində neft və qaz məhsullarının tədarükü üzrə əməkdaşlıq baxımından çox uğurlu işlər gördüyünü bildirib. O, Azərbaycan hökumətinin pandemiya dövründə kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədilə həyata keçirdi müxtəlif layihələri yüksək qiymətləndirib.

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın Aİ ölkələri ilə uğurla əməkdaşlıq etdiyini bildirən K.Yankauskas Azərbaycanla Aİ arasında imzalanacaq tərəfdaşlıq sazişinin yekunlaşmasına da toxunub. Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən islahatları yüksək qiymətləndirən Aİ-nin nümayəndəsi, həmçinin Azərbaycan iqtisadiyyatının dirçəlməsi məqsədilə hökumət tərəfindən təsis edilən İqtisadi Şuranın fəaliyyətini də təqdir edib. O, biznes forumun sonunda Aİ-nin Azərbaycanda işgüzar mühitin qiymətləndirilməsinə dair aparacağı sorğunun əhəmiyyətini vurğulayıb.

İtaliyanın Azərbaycandakı səfiri A.Massari koronavirus pandemiyasının dünya ölkələrinin iqtisadiyyatına zərbə vurduğunu, hətta dünyanın böyük dövlətlərinin liderlərinin öz gündəliklərinə yenidən baxmağa məcbur etdiyini qeyd edib. Səfir çıxışında İtaliya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar barədə danışıb. O, həmçinin koronavirus pandemiyasının İtaliyada törətdiyi ciddi fəsadlar və insanlara zərərləri iştirakçıların diqqətinə çatdırıb.

A.Massari Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi və onun xüsusi elementi olan Trans-Adriatik qaz boru kəməri layihəsinin (TAP) təkcə İtaliya üçün deyil, bütün Avropaya qaz tədarükü və enerji mənbələrinin şaxələndirilməsi baxımından böyük nailiyyət olmasını xüsusilə vurğulayıb.

Səfir Azərbaycan hökumətinin ölkədə həyata keçirdiyi iqtisadi islahatları, eləcə də pandemiya ilə bağlı məhdudiyyətlərin iqtisadiyyata vurduğu zərəri azaltmaq istiqamətindəki fəaliyyət planını yüksək qiymətləndirib.

Fransanın Azərbaycandakı səfiri Z.Qross 2019-cu ilin Fransa-Azərbaycan ticarət əlaqələrinin inkişafı baxımından uğurlu olduğunu bildirib. Səfir Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirdiyini deyib. Aİ-Azərbaycan arasında tərəfdaşlıq sazişinin yekunlaşdırılmasının vacibliyini vurğulayan Z.Qross bu sazişin Aİ ilə Azərbaycanın əməkdaşlığının möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Y.Abdullayev koronavirus pandemiyasının Azərbaycanda da daxil olmaqla dünyanın bütün ölkələrində ticarət mühitinə mənfi təsir etdiyini deyib. O, pandemiya dövründə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan danışıb.

Y.Abdullayev AZPROMO-nun Azərbaycandakı fəaliyyətini, xüsusilə də ixracın və investisiyaların təşviqi ilə yanaşı, birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycanın əldə etdiyi iqtisadi uğurları və ölkədə mövcud olan əlverişli iş və investisiya mühiti barədə iştirakçılara ətraflı məlumat verib.

Forumun ikinci hissəsində forum iştirakçılarına Avropa İttifaqı biznes mühiti hesabatı üçün ötən il keçirilmiş sorğu barədə ətraflı məlumat təqdim edilib və Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər builki hesabat üçün nəzərdə tutulan sorğuda iştirak etməyə dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.