ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin beynəlxalq jurnalda ekspert kimi fəaliyyəti sertifikata layiq görülüb
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin beynəlxalq jurnaldakı (“Journal of Organometallic Chemistry”) ekspert fəaliyyəti sertifikata layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu ildən jurnalla əməkdaşlıq edən alimin adı jurnalın ekspertlər siyahısına daxil edilib. O, nəşrdə mütəmadi olaraq zərif üzvi sintez və onların funksional xassələrinin tədqiqi ilə bağlı məqalələrin müstəqil ekspert dəyərləndirilməsi ilə məşğul olur.
Xatırladaq ki, “Journal of Organometallic Chemistry” “Web of Science” bazasına daxildir. Hər buraxılışında kimyanın nəzəri mühüm və aktual nəzəri məsələləri, struktur kimya, sintez, fiziki və kimyəvi xüsusiyyətlər (reaksiya mexanizmləri daxil olmaqla) və üzvi metal birləşmələrin praktik tətbiqləri ilə əlaqəli orijinal məqalələr dərc olunur.