SİYASƏT


Ermənistan baş nazirinin cəfəng bəyanatları münaqişənin danışıqlar yolu ilə həllini mümkünsüz edir

Bakı, 21 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

İşğalçı Ermənistan və onun rəhbərliyi ardıcıl təxribatlar törətməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesini pozub. Burada məqsəd mənfur qonşumuzun mövcud status-kvonu qoruyub saxlamasıdır. Dünya dövlətlərinin əksəriyyəti Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını qəbul etdiyi halda, təcavüzkar Ermənistan və onun Sorosa xidmət edən rəhbərliyi bunu heç cür həzm edə bilmir. BMT-nin qətnamələrini və beynəlxalq hüququ heçə sayan Ermənistanın cavabı mütləq verilməlidir. Mövcud vəziyyətdə Azərbaycan hüquqları pozulmuş və ərazisi işğal olunmuş bir ölkə kimi adekvat tədbirlər görmək məcburiyyətindədir. Rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva işğalçı ölkənin iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbini qarşı tərəfin revanş cəhdi ilə əlaqələndirib. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra bunun əvəzini çıxmaq istəyib. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək özünə haqq qazandırmağla çalışıb. Paşinyanın Tovuz istiqamətində revanşı istədiyi nəticəni vermədi və düşmən Azərbaycan Ordusunun sarsıdıcı zərbələri altında geri oturduldu. Ardınca Paşinyan “qələbə” görüntüsü yaradaraq real məğlubiyyəti ört-basdır etməyə çalışdı. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də söylədiyi kimi, söhbət hansı qələbədən gedə bilər?! Məntiqlə yanaşsaq, “qələbə qazanan” tərəf nə üçün dəstək məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi? Dövlət başçısının da söylədiyi kimi, Ermənistan iyul təxribatını törətməklə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin reaksiyasını yoxlayırdı. Ümumiyyətlə, görünən odur ki, pandemiya səbəbindən daha acınacaqlı duruma düşən Ermənistan yeni böyük müharibəyə hazırlaşır.

K.Nurullayeva deyib ki, mümkün müharibənin nəticələrinə gəlincə, Paşinyanın növbəti revanş cəhdi, mövcud hərbi-iqtisadi “potensial”la müharibəyə başlamaq Ermənistana baha başa gələcək. Ümumiyyətlə, yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq.

“Ermənistan baş nazirinin cəfəng bəyanatları münaqişənin sülh və danışıqlar yolu ilə həllini mümkünsüz edir. Paşinyan “Qarabağ Ermənistandır” deməklə həm özünü dünya ictimaiyyətinin gözü qarşısında ifşa etmiş oldu, həm də müharibə tərəfdarı olduğunu göstərdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq. Azərbaycanın oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasları ola bilməz”, - deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.