MƏDƏNİYYƏT
Tədqiqatçı Səkinə Qaybalıyevanın “İraq-türkman folklor mühiti” mövzusunda monoqrafiyası çapdan çıxıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktor dosent Səkinə Qaybalıyevanın “İraq-türkman folklor mühiti” mövzusunda monoqrafiyası çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabda qanı qanımızdan, canı canımızdan olan, hazırda sayı 4 milyona yaxın göstərilən, İraqda milli-mənəvi dəyərlərimizi yaşadan türkmanların yerləşmə arealı haqqında geniş məlumat verilib, müxtəlif ərəbdilli və türkdilli qaynaqlara müraciət olunub. Kitabda, həmçinin XX əsr İraq-türkman ədəbiyyatında geniş yayılmış ədəbi cərəyanlar, xüsusilə xalq şeirinin janr xüsusiyyətləri tədqiqata cəlb edilib, aşıq yaradıcılığına nəzər yetirilib, İraq-türkman folklorunun ayrı-ayrı janrları – xoyrat, mani, atalar sözləri, nağıl və dastanlarla yanaşı, onların mərasimləri haqqında məlumat verilib, aparılan tədqiqatlar təhlil olunub.
Uzun və keşməkeşli bir tarixi inkişaf yolu qət etmiş İraq-türkman mətbuatına diqqəti cəlb edən kitabda XX əsrin ortalarından nəşr olunmağa başlamış bir çox mətbu orqanların fəaliyyətinə nəzər yetirilib. İraq-türkman şifahi xalq ədəbiyyatının nəşrinə və tədqiqinə geniş yer verən “Qardaşlıq” və s. kimi dərgi və qəzetlər kitabda təhlilə cəlb olunub. Həmçinin kitabda folklorun nəşri və tədqiqi məsələləri də ön plana çəkilib, bir çox ziyalıların, o cümlədən Əta Tərzibaşı, Şakir Sabir Zabit, Məhəmməd Xurşid Daquqlu və Əbdüllətif Bəndəroğlu kimi folklor tədqiqatçılarının fəaliyyəti haqqında portret-oçerklər yer alıb.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Almaz Həsənqızı, rəyçilər filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli və filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərdir.