ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunda birinci kurs magistrantlarla görüş olub
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda neft kimyası, nanomateriallar kimyası və ətraf mühit kimyası ixtisasları üzrə magistratura pilləsinə qəbul olan birinci kurs magistrantlarla görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş karantin rejiminin tələblərinə uyğun olaraq sosial məsafə gözlənilməklə təşkil olunub. İnstitutun direktoru, akademik Vaqif Abbasov tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayan Vaqif Abbasov ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdiyini bildirib. Akademik gənclərə institutun fəaliyyəti, burada aparılan elmi-tədqiqat işləri barədə də məlumat verib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində Neft-Kimya Prosesləri İnstitutunun magistratura pilləsinə müxtəlif ixtisaslar üzrə 5 magistr qəbul olub.