CƏMİYYƏT
Gəncədə evlərdən və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 25 sentyabr, AZƏRTAC
Gəncədə evlərdən və avtomobillərdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz rayonu ərazisində 6 evdən su mühərriki, bir velosiped, bir avtomobildən isə təkər qapaqları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində iki avtomobildən pul, akkumulyator, maqnitofon, iki həyətyanı sahədən isə su mühərriki oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.