CƏMİYYƏT


İlin sonunadək Azərbaycanda məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında hazırlanmış Yol Xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin inşası davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcək. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, “Ümid” qəsəbəsində 180 ailəlik məhəllə istifadəyə hazırdır. Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində 200 ailəlik, Abşeron rayonunda, “Sumqayıt stansiyası” adlanan ərazidə 1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində 810 ailəlik yeni məhəllələrdə iş davam edir.

Prezidentin ehtiyat fondundan ayrılan vəsait yeni əlavə yaşayış sahələrinin tikintisinə yönəldiləcək. Bu Sərəncam məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha təsdiqləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.