SİYASƏT


Türkmənistanın internet qəzeti Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı barədə yazıb

Bakı, 27 sentyabr, AZƏRTAC 

Türkmənistanın “Mejdunarodnıye novosti” (“Beynəlxalq xəbərlər”) internet-qəzeti Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı barədə material dərc edib.

“Azərbaycan Prezidenti beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyini qeyd etdi” sərlövhəli məqalədə deyilir ki, dövlətimizin başçısının çıxışında gündəlikdə duran qlobal məsələlər barədə bir sıra mühüm bəyanatlar verib və Azərbaycanın əsas istiqamətlər üzrə fəaliyyətinin nəticələri barədə danışıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyinin Prezident İlham Əliyev tərəfindən qeyd olunması materialda xüsusi vurğulanıb. Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılmasından danışan Prezident, bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasının əhəmiyyətini qeyd edib.

Qəzet diqqəti ona çəkib ki, Prezident İlham Əliyev epidemioloji vəziyyətlə bağlı Azərbaycanda vaxtında görülən tədbirlərdən danışıb, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmasını vurğulayıb. “Prezident ölkənin səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açıb, ekologiyanın müdafiəsi məsələlərinə, xüsusən iqlim dəyişikliyi səbəbindən yaranmış içməli su qıtlığı probleminin həlli üçün səmərəli tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Azərbaycanda elektrik enerjisinin istehsalı üçün ekoloji cəhətdən təmiz təbii qaz və hidroelektrik enerji stansiyalarından istifadə olunur”, - deyə nəşrdə bildirilir.

Həmçinin qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı ölkənin iqtisadi inkişafından, ÜDM-in artımından, Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində ölkənin fəal iştirakından danışıb. İnternet-nəşr Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun dərc etdiyi “Qlobal Rəqabətlilik İndeksi”nə əsasən Azərbaycan dəmir yolu xidmətlərinin, həmçinin hava nəqliyyatı xidmətlərinin və dəniz limanı xidmətlərinin səmərəliliyinə görə fərqlənməsi, Azərbaycanın beynəlxalq kosmik klubun üzvü olması və 3 peykə - ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün peykə sahib olması barədə sözlərini xüsusi qeyd edir.

Qeyd olunur ki, Prezident Azərbaycan Respublikasının 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilməsini ayrıca vurğulayıb. Qəzet yazır: “Bu, beynəlxalq əməkdaşlıqda irəliləmək üçün unikal platformadır. İlham Əliyev əminliklə bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin mənafelərinin qorunması naminə əlindən gələni edəcəkdir. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəkdir”.

İnternet-nəşr yazır ki, dövlət başçısı, həmçinin Azərbaycan xalqının multikulturalizmi barədə də danışıb. “Pandemiya dövründə qaçqın və məcburi köçkünlərin çətinliklərindən danışan Azərbaycan rəhbəri həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığının artdığını qeyd edib. Azərbaycan başçısının təklifləri arasında - ən az inkişaf etmiş ölkələrin vəziyyəti nəzərə alınmaqla, vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi, müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsinin diqqətlə təhlil edilməsi və həll yollarının müəyyən olunması kimi təkliflər yer alıb”, - deyə qəzet qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.