SİYASƏT


15 İyun - Qurtuluşun zəfər günü

Bakı, 14 iyun, AZƏRTAC

İyun ayının 14-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, icra hakimiyyətinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları rəsm və kitablardan ibarət sərgiyə baxıblar.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışıb. O, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib. V.Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. O, bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını bildirib.

Bakı Dövlət Universitetinin kafedra müdiri professor İradə Hüseynova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib. O qeyd edib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir! Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır.

Bayram tədbiri Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.

Rayon məktəbliləri tərəfindən hazırlanmış musiqili və bədii səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Tədbir zamanı tanınmış incəsənət ustalarının çıxışları bayrama xüsusi rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.