SİYASƏT
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
Bakı, 15 iyun, AZƏRTAC
Suraxanı rayonunda 15 iyun – Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib.
Növbəti tədbir - “Müstəqilliyimizi şərəfləndirən şanlı tarix” mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı tərəfindən təşkil olunub. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Dövlət himni səsləndirildikdən sonra konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, 15 iyun – Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə olduqca böyük əhəmiyyət daşıyır. İyirmi altı il öncə gerçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidi ilə Ulu Öndər yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ümummilli Liderin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır.
Konfransda çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abıyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşüb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonda Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər rayon icra hakimiyyəti başçısının fəxr fərmanı ilə təltif olunublar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsində fərqlənən şagirdlərə icra hakimiyyəti başçısının təşəkkürnaməsi, icra hakimiyyəti başçısı aparatında könüllü kimi fəaliyyət göstərmiş bir qrup könüllüyə şəhadətnamə, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş bir qrup gəncə isə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.