CƏMİYYƏT


15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin, bu zülmdən qurtuluşunun 103-cü ildönümüdür. Sentyabrın 15-i tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir. Xalqlarımız dar gündə daim bir-birinin yanında olub, bir-birinə dəstək verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu tarixi hadisənin Azərbaycan üçün əhəmiyyətinə toxunaraq deyib: “1918-ci ilin sentyabrınadək təkcə Bakıda deyil, ümumilikdə Azərbaycandakı vəziyyət son dərəcə acınacaqlı idi. Ermənilər bütün ölkədə silsilə qətliamlar həyata keçirmiş, minlərlə insanı amansız işgəncələrlə qətlə yetirmişdilər. Bakı şəhəri erməni-bolşevik qüvvələrinin nəzarəti altında idi. Azərbaycanlılar öz vətənlərində hüquqsuz vəziyyətdə, ölüm təhlükəsi altında yaşayırdılar. Bakının, bütövlükdə dövlətçiliyimizin itirilməsi təhlükəsi mövcud idi. Məhz bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəhbərləri müxtəlif xilas yolları arayır, ciddi səylər ortaya qoyurdular. Belə bir məqamda qardaş Türkiyə dövləti Azərbaycan xalqının köməyinə gəldi. 1918-ci ilin sentyabrın 15-də ağır döyüşlərdən sonra Bakı Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik qüvvələrindən azad edildi. Bundan sonra AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü və digər bölgələrimiz də erməni quldur dəstələrindən təmizləndi”.

Cəlil Xəlilov qeyd edib ki, Türkiyənin Azərbaycana verdiyi bu tarixi dəstək bu gün də xalqımız tərəfindən eyni minnətdarlıq hissi ilə xatırlanmaqdadır. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə müxtəlif şəhərlərin mərkəzi küçələrində hərbi orkestrlərin müşayiəti “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbçilərin yürüşləri təşkil olunub. Bundan başqa, ölkədə bu tarixi günlə bağlı çoxsaylı tədbirlər keçirilir ki, bütün bunlar Türkiyənin bir əsr əvvəl ölkəmizə göstərdiyi qardaş yardımına dövlətimizin və xalqımızın verdiyi önəmdən xəbər verir.

Vətən müharibəsində də Türkiyənin ölkəmizə mənəvi və diplomatik baxımdan ciddi dəstək verdiyini vurğulayan sədr müavini deyib: “Qürurverici haldır ki, biz Vətən müharibəsində də Türkiyənin ölkəmizə dəstəyinə, öz qəti mövqeyini ortaya qoymasının şahid olduq. Məhz Türkiyənin bu qətiyyətli davranışları bəzi ermənipərəst qüvvələrin proseslərə geniş müdaxiləsinə imkan vermədi. Türkiyə dövləti açıq şəkildə bəyan etdi ki, əgər hər hansı üçüncü qüvvə müharibəyə müdaxilə etsə, o zaman Türkiyə dövləti bütün lazımi addımları atacaq. Bu baxımdan Türkiyənin tarixi qələbəmizdə mühüm rol oynadığı birmənalıdır”.

deyə Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb ki, Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək yüz il öncəki yardımlaşma ənənəsinin bu gün də davam etdiyini göstərir. Bu gün iki dövlət arasında münasibətlər sürətlə genişlənməkdədir. Müharibədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr bunu bir daha sübut edir. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bütün regionda sülhün, əmin-amanlığın qorunub saxlanılmasına töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.