İQTİSADİYYAT
160 nömrəli marşrut xətti üzrə sərnişindaşıma yenilənmiş avtobuslarla həyata keçirilir
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-dan Bakıda 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, agentliyin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.
Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib.
Xatırladaq ki, noyabrın 7-də Bakıya 50 yeni avtobus gətirilib. Avtobuslar Türkiyə şirkətindən alınıb, daha 33 avtobusun gətirilməsi nəzərdə tutulur. Avtobusların 8-i tezliklə, qalan 25-i isə ilin sonunadək gətiriləcək.
Yeni avtobuslar telefonlar üçün enerji ötürücü ilə, fiziki qüsurlu şəxslərin rahat minib-düşməsi üçün pandusla təchiz olunub. Avtobusların “BakıKart” sisteminə keçidi də planlaşdırılır.