İDMAN
Türkiyə Superliqası: Son çempion “Başakşəhər” cari mövsümdə ilk qələbəsini qazanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də futbol üzrə Türkiyə çempionatının beşinci turunun birinci gününün qarşılaşmasında “Trabzonspor” öz meydanında son çempion “Başakşəhər”i qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 32-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi İrfan Qahveci açıb. Matçın 54-cü dəqiqəsində isə Edin Viska İstanbul təmsilçisinin qələbəsini rəsmiləşdirib.
Beləliklə, “Başakşəhər” cari mövsümdə ilk qələbəsini qazanıb.
Günün digər matçında isə paytaxt təmsilçisi “Ankaragücü” səfərdə “Rizəspor”a 5:3 hesabı ilə uduzub. “Konyaspor”-“Yeni Malatyaspor” matçında qalib müəyyənləşməyib – 1:1. “Kayserispor” isə doğma meydanda “Sivasspor”a 1:3 hesabı ilə məğlub olub.
Turun digər oyunları aşağıdakılardır:
“Antalyaspor”-“Qaziantep”
“Fatih Karagümrük”-“Kasımpaşa”
“Göztəpə”-“Fənərbağça”
“Qalatasaray”-“Alanyaspor”
“Gənclərbirliyi”-“Dənizlispor”
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda “Beşiktaş” istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 10 xalla “Alanyaspor” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, 7 xala malik “Fatih Karagümrük” isə üçüncü pillədə qərarlaşıb.