REGİONLAR


82 yaşlı Nəzihə nənə: Kəndimizə, Qarakollumuza qayıtmaq istəyirəm - FOTO VİDEO

İmişli, 21 oktyabr, A.Yavər, AZƏRTAC

Otuz ilə yaxındır ki, bir milyondan çox qaçın və məcburi köçkün soydaşımız öz torpaqlarından, yurd yerlərindən ayrı düşüb. Respublikamızın bölgələrinə səpələnən məcburi köçkün ailələrindən biri də vaxtilə Füzulinin Qarakollu kəndindən didərgin düşən Hüseynovlar ailəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 27-dən başlayaraq düşmənin təxribatına layiqli cavab verən Azərbaycan əsgərinin zəfər xəbərlərinə ən çox sevinənlərdən biri də məhz bu ailədir. Artıq digər yaşayış məntəqələrimiz kimi, bu kəndimiz də yağı düşməndən təmizlənib. Belə ki, oktyabrın 14-də Xocavəndin Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri ilə yanaşı, Füzulinin Qaradağlı, Xatunbulaq və Qarakollu kəndləri də düşmən tapdağından azad olunub.

İmişlidəki məcburi köçkün qəsəbəsində məskunlaşan Hüseynovlar ordumuzun qələbəsini, azad edilən kəndlərimizin xəbərini sevinc göz yaşları ilə qarşılayıblar. Füzulidən olan həmvətənlərimiz doğma torpaqlarına qayıtmaq üçün səbirsizlənirlər.

Ailənin ağbirçəyi, 82 yaşlı Nəzihə Hüseynova sevinc hisslərini bölüşərək deyib: “Kəndimizə, Qarakollumuza qayıtmaq istəyirəm. Torpağımızın işğaldan azad edilməsinə çox sevinirəm. Uzun illərin həsrəti idi. Bu sevinci bizə bəxş edən Prezidentimə və orduma minnətdaram. Kəndimizin azad olunması xəbərini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Mənim 82 yaşım var, ən böyük arzum öz doğma torpağımı görməkdir”.

Sevinc hisslərini AZƏRTAC-la bölüşənlər arasında Qarakollu kəndinin şairi Famil Əhmədov da var. “Bu sevinci sözlə ifadə etmək çox çətindir. 27 il ata-baba yurdumuza qayıtmaq arzusu ilə yaşamışıq. Nəhayət o günü görmək bizə qismət oldu. Mən ordumuza minnətdaram, Ali Baş Komandanımıza minnətdaram. İnanırıq ki, bütün torpaqlarımız azad ediləcək və şanlı bayrağımız Şuşada dalğalanacaq”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.