REGİONLAR


Qəbələnin otel və mehmanxanaları doqquz ayda 52 mindən çox turistə xidmət göstərib

Qəbələ, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 52 min 71 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 43 min 122 nəfəri və ya 82,8 faizi Azərbaycan, 8 min 949-u və ya 17,2 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.

İdarə rəisinin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən mart ayından etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması Qəbələnin turizm sektoruna da öz mənfi təsirini göstərib. Xüsusilə, əcnəbi turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalma qeydə alınıb.

Statistik məlumata əsasən, bu ilin yanvar-sentyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 2729 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin əvvəlindən bu qədim diyara Birləşmiş Ərəb Əmirliklərindən 1796, Omandan 525, Küveytdən 439, Bəhreyndən 145, Hindistandan 719, Rusiyadan 395, Pakistandan 320, Türkiyədən isə 219 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 1665 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.