SİYASƏT


Paşinyan məğlub olduğunu etiraf etmək və ağ bayraq qaldırmaq əvəzinə,müxtəlif üsullara əl atır

Bakı, 26 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan təşvişdədir. Hazırda o, nə etdiyini də bilmir. Gah deyir ki, bu münaqişənin diplomatik həll yolu yoxdur, gah Araik Arutyunyanın əli ilə kimlərəsə məktub yazdırır, gah da özü ABŞ-a, həmsədrlərə yalvarır ki, atəşkəsin təmin olunması üçün kömək eləsinlər. İstər-istəməz sual yaranır: Bu qədər sistemsiz, rabitəsiz siyasət olarmı? İnsan bu qədər qeyri-səmimi, destruktiv, dağınıq təfəkkürə sahib ola bilərmi?

Tərəflər arasında ilk humanitar atəşkəs razılaşmasından sonra namərd ermənilər Gəncə şəhərinə ağır raket zərbəsi endirdilər. İkinci dəfə razılaşmadan heç dəqiqələr keçməmiş digər rayonlarımız hədəfə alındı. İndi də üçüncü humanitar atəşkəs razılaşmasının heç mürəkkəbi qurumamış yenə Azərbaycanın mülki əhalisinə atəş açırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Ermənistanın bu hərəkətinin heç bir məntiqə uyğun olmadığını, beynəlxalq hüquq normalarını pozduğunu qeyd edən deputat bildirib: “Bu riyakarlığın və imitasiyanın adı yoxdur. Paşinyan bununla nə etmək istəyir? O, məğlub olduğunu etiraf etmək və ağ bayraq qaldırmaq əvəzinə, müxtəlif üsullara əl atır. Bilirsinizmi niyə? Çünki hələ də Soros dayısından cavab, təlimat gözləyir. Çünki Paşinyan heç zaman öz ağlı ilə hərəkət etməyib, hər zaman kənar mərkəzlərdən idarə olunub. İndi isə tamamilə tək qaldığı üçün qərar qəbul edə bilmir. Soros da telefon zənglərinə cavab vermir ki, növbəti addımlarını hesablaya bilsin”.

Elşən Musayev qeyd edib ki, atəşkəs artıq pozulub. Daha dəqiqi, növbəti dəfə pozulub, özü də yenə Ermənistan tərəfindən. Düşmənin bu riyakarlığı haqda məlumatlar isə anbaan qeydə alınır və həmsədrlər də, beynəlxalq təşkilatlar da bu barədə məlumatlandırılacaq. “İşğalçı Ermənistanın, xunta rejiminin artıq sonu çatıb və fiaskoya uğramış Paşinyanın dizini tamamilə yerə qoyacağı gün uzaqda deyil. Eşq olsun Azərbaycan Ordusuna, Azərbaycan xalqına və müzəffər Ali Baş Komandana. Qarabağ Azərbaycandır!”, - deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.