İDMAN


İdmanda uşaqlara qarşı zorakılığa son qoyulmalıdır

Lissabon, 27 oktyabr, AZƏRTAC

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən ACTIVE layihəsi çərçivəsində aparılmış tədqiqatın nəticələri dərc edilib.

AZƏRTAC Portuqaliya KİV-lərinə istinadla xəbər verir ki, həmin hesabata əsasən Portuqaliyada idmanda uşaqlara qarşı zorakılıq halları təbii hesab edilir.

Portuqaliyadan başqa Yunanıstan, İtaliya və Kiprin də iştirak etdiyi araşdırmanın məqsədi həm bu sahədə mövcud boşluqları aşkara çıxarmaq, həm də idman təşkilatlarının uşaqların müdafiəsi məsələlərində hansı məqamları yaxşılaşdırmaq mümkün olacağını müəyyən etməsinə imkan verən onlayn qiymətləndirmə vasitəsi yaratmaqdır.

Sosial Müdaxilə Tədqiqatları Mərkəzi (CESIS) tərəfindən Portuqaliya üçün hazırlanmış hesabatda göstərilir ki, uşaqların və onların ailələrinin çoxu idmanda zorakılığı təbii və labüd hesab edir, onlar öz hüquqlarını və dəstək almaq üçün haraya müraciət etmək mümkün olduğunu bilmirlər. İdman təşkilatlarının və ailələrin əksəriyyətində uşaqları müəyyən hüquq sahibləri hesab etmirlər. Belə güman edilir ki, idmanla məşğul olan uşaqlar yüksək nəticələr göstərməli və bu nəticələrlə həm ailəsini, həm də məşqçini məmnun etməlidirlər.

Ailələr də uşaqlara təzyiq göstərirlər. Onlar idmanı salamatlığa və inkişafa (fiziki, sosial və emosional inkişafa) şərait yaradan fəaliyyət deyil, ilk növbədə, çempionlar, qaliblər yetişdirən, bunun nəticəsində sosial nüfuz və status qazandıran fəaliyyət növü hesab edirlər.

Buna görə tədqiqatçılar idman təşkilatlarının rəhbərlərinin və məşqçilərin hazırlanması səviyyəsinin Uşaq Hüquqları barədə Konvensiyanın tələbləri səviyyəsinə çatdırılmasını tələb edirlər.

Tədqiqatda 244 nəfər, o cümlədən 85 uşaq, 65 ailə üzvü, idman təşkilatlarının 52 mütəxəssisi, habelə müvafiq müəssisələrlə bağlı olan daha 42 nəfər iştirak edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.