CƏMİYYƏT


Mirhəsən Həsənov: Azərbaycanda yaşayan çernobılçılar ermənilərin təxribatlarını pisləyir, dövlətimizin atdığı addımları dəstəkləyirlər 

Bakı, 27 oktyabr, AZƏRTAC

Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı il aprelin 26-da baş vermiş böyük texnogen qəzanın nəticələrinin aradan qaldırılması işləri apreldən noyabradək davam edib. Hətta sonrakı illərdə də orada işlər aparılanda Çernobıldakı hadisənin məxfiliyi təmin olunmuşdu. Bu barədə ancaq fəsadların aradan qaldırılması işlərində iştirak etmiş vətəndaşlar bilirdilər. Oradan mülki vətəndaşların çıxarılması üçün hərbçilər əraziyə cəlb olunmuşdu. Bu məxfilik qorunmasaydı dezinformasiyalar əhali arasında böyük təşvişə səbəb olar və orada yanlışlığa yol verilə bilərdi. Bu gün Azərbaycanda da hər kəs hərbi sirr məsələsində məsuliyyəti dərk etməlidir. Bu gün bizim qələbəmizi təmin etmək üçün yalnız dövlətimizin rəsmi orqanlarının məlumatlarına əsaslanmalı və onlara istinadla fəaliyyət göstərmək vacibdir. Çünki bu, bizim qələbəmizin onurğa sütunudur.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib.

Mirhəsən Həsənov deyib ki, Azərbaycan hər zaman tolerant ölkə olub, respublikamızda yaşayan müxtəlif millətlər arasında ayrı-seçkiliyə yol verilməyib və bu gün də belədir. Hazırda Azərbaycanda ermənilər də yaşayırlar.

Ermənistanın mülki əhalimizə qarşı təcavüzkar fəaliyyəti yolverilməzdir. Müxtəlif dövlətlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qəbul edirlər. Biz ermənilərin təxribatçı hərəkətlərini beynəlxalq təşkilatlara çatdırmaq üçün bu gün dövlətimizin yanında olmalıyıq, onun atdığı addımları dəstəkləməliyik.

Ancaq Ermənistanın riyakar iç üzünün açılması göstərir ki, o, monoetnik respublikadır. Orada digər xalqların nümayəndələri yaşamır. Ancaq dünya bilməlidir ki, Azərbaycanda müxtəlif millətlər dinc şəkildə, bir ailə kimi yaşayırlar. Bundan başqa, Azərbaycanda yüzlərlə rus, ukraynalı, o cümlədən başqa xalqların nümayəndələri olan çernobılçılar döyüşlərə getmək üçün müraciət ediblər. Onların fikirlərini öyrənəndə həmin şəxslərin Azərbaycanda yaşamaqdan özlərini xoşbəxt hiss etdikləri müşahidə olunur. Onlar ermənilərin təxribatlarını pisləyir, dövlətimizin atdığı addımları dəstəkləyirlər.

Ölkəmizin qanunvericiliyində də müxtəlif millətlər məsələsində ayrı-seçkiliyə yol verilən hər hansı bir məqam yoxdur. Azərbaycanda sosialyönümlü qanunvericilik aktlarımız hər bir vətəndaşa şamil edilir. Belə ki, çernobılçılar arasında ruslar, ukraynalılar, digər millətlərin nümayəndələri mənzillərlə təmin olunurlar. Hər bir vətəndaşımız kimi, Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələri olan çernobılçılar da pensiya və müavinət alırlar.

İctimai birliyin sədri deyib: “Qardaşım Miryaqub Həsənov 1994-cü ildə çoxsaylı igid Azərbaycan oğulları kimi döyüşlərdə şəhid olub, mülki əhali, uşaqlar Qarabağda ermənilər tərəfindən öldürülüb. Bu gün hər birimizdə ermənilərdən qisas almaq hissi var. Ancaq biz ermənilərə qarşı ağılla mübarizə aparmalıyıq. Odur ki, biz yalnız dövlətimizin rəsmi orqanlarının məlumatlarına istinad etməliyik və yanlışlıqlara yol verməməliyik, hərbi sirri paylaşmamalıyıq. Mən hər bir vətəndaşımızı ermənilərin təxribatlarına uymamağa çağırıram. Biz dünya xalqları qarşısında məsuliyyətimizi dərk etməliyik. Çünki məkrli düşmən bundan istifadə edir”.

Mirhəsən Həsənov bildirib ki, Çernobıl əlillərinə dövlət tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etmiş vətəndaşların statusunun müəyyənləşdirilməsi haqqında qanunun qəbul olunması ilə bağlı parlamentə təşəbbüs irəli sürmüşdü. Azərbaycan parlamenti 1993-cü ildə qəzada zərərçəkmiş vətəndaşların statusu və sosial hüquqlarının müdafiəsi ilə bağlı qanun qəbul edib. Azərbaycan keçmiş respublikalar arasında yeganə ölkədir ki, Azərbaycan dövlətinin rəhbəri belə yüksək mövqe ortaya qoyur. Dövlətimiz həmin qanunvericilik çərçivəsində Çernobıldakı qəzanın fəsadlarının aradan qaldırılması işlərində iştirak etmiş vətəndaşları mənzillə təmin edir, onlara avtomobillər verilir, pensiya təminatı, Prezident təqaüdü müəyyənləşdirilib. Pensiya və təqaüdlərin ödənilməsində heç bir problem yoxdur. İndiyədək çoxsaylı Çernobıl əlili mənzil və avtomobillərlə təmin olunub. Azərbaycanda yaşayan çernobılçılar dövlətimizin başçısına bu sosial müdafiəyə görə minnətdarlıqlarlarını çatdırırlar. Onlar dövlətimizi dəstəkləyir. Dövlətimizin başçısı birbaşa əhalimizin sosial hüquqlarının qorunması, dövlətimizin qüdrətlənməsi naminə yorulmadan işlər həyata keçirir. Azərbaycan çernobılçıları ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə dövlətimizin mövqeyini, Prezident, Müzəffər Ali Baş Komandamız İlham Əliyevin siyasətini, onun haqq yolunda mübarizəsini dəstəkləyirlər. İnşallah, şəhidlərimizin qanı yerdə qalmayacaq, qisası alınacaq. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz azad ediləcək və bu hərbi təcavüzə son qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.