ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq forumda məruzə edib

Bakı, 27 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasında təşkil olunan “Rusiya müsəlmanlarının teoloji mirası” II Beynəlxalq forumda onlayn iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən rektor Ermənistanın ölkəmizə qarşı sentyabrın 27-dən başlayan təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatından danışıb. O, Ermənistanın növbəti dəfə atəşkəs rejimini pozması nəticəsində Azərbaycanın məcbur qalaraq bütün cəbhəboyu əks-hücuma keçərək, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın bir hissəsini azad etdiyini vurğulayıb.

A.Şirinov qeyd edib ki, biz öz torpağımızda işğalçı ilə mübarizə aparırıq və bu mübarizdə başda Rusiya müsəlmanları olmaqla, bütün İslam dünyasının, eləcə də tərəqqipərvər bəşəriyyətin mənəvi dəstəyini gözləyirik.

Sonra “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda məruzə ilə çıxış edən rektor orta əsrlərdə İslam dininin və müsəlmanların dünyada tutduğu mövqe barədə məlumat verib. A.Şirinov məruzəsində İslam dünyasında XIV əsrdən sonra baş verən geriləmədən, radikal qrupların yaranma səbəblərindən də bəhs edib. Bildirib ki, radikal qrupların dini mətnləri kontekstindən çıxararaq təqdim etmələri İslamın ümumbəşəri din kimi gözdən düşməsinə və məhəlliləşməsinə xidmət edir. “Onların “din” pərdəsi altında yürütdükləri fəaliyyət İslam əleyhdarlarının əlində bayrağa çevrilib. Bu gün bununla əlaqəli yüzlərlə çirkin niyyətli kitab və məqalə nəşr edilir, debatlar təşkil olunur, yürüşlər keçirilir. Bax, budur radikallığın İslama “xidməti”.

“Rusiya müsəlmanlarının teoloji mirası” II Beynəlxalq forumu oktyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.